"Ukrayna qoşunlarının irəliləməsi və ərazilərin azad edilməsi davam edir, Xarkov vilayətinin azad edilməsindən sonra Donetsk vilayətinin azad edilməsinə keçilib, Donetsk vilayətində 43 yaşayış məntəqəsi işğaldan azad edilib".

Bunu Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, ərazi olduqca təhlükəlidir:

"Bununla belə, Svyatogorsk və Liman ərazi icmaları tamamilə azad edilib. Hazırda sabitləşdirmə işləri başa çatdırılır, həmin icmaların həyat təminatı bərpa olunur, dağılmış evlər qorunur, qışa hazırlıq görülür. Bölgədə yaranmış vəziyyətə görə, ən çətin durum hazırda Baxmut istiqamətində və Avdeyevskidədir. İndi şiddətli döyüşlər davam edir, düşmən Baxmut istiqamətində hücuma keçərək müdafiəni yarmağa çalışır, lakin buna nail ola bilmir".

P. Kirilenko qeyd edib ki, bütün cəbhə xətti boyu atəş davam edir, düşmən şəhər və kəndləri atəşə tutur:

"Ümumilikdə bütün ölkə üzrə elektrik enerjisi ilə təminat problemi var, düşmən ölkənin bütün ərazisində mühüm infrastruktur obyektlərini atəşə tutur. Donbasa gəlincə, vəziyyət son dərəcə mürəkkəbdir. Azad edilmiş icmalarda elektrik enerjisi, mobil rabitə qismən bərpa edilib. Svyatogorsk və Liman icmalarında mobil rabitə bərpa olunub, ərzaq məhsulları idxal olunur, pensiyalar Ukrpoşta vasitəsilə ödənilir, həmçinin beynəlxalq tərəfdaşlardan birdəfəlik yardım alırlar", - deyə o əlavə edib.report