İranın yeni Prezidenti Məsud Pezeşkian xarici işlər naziri və müdafiə naziri vəzifələrinə müvafiq olaraq Abbas Əraqçi və Əziz Nəsirzadənin namizədliyini irəli sürüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pezeşkianın mətbuat xidməti məlumat yayıb.

2017-2021-ci illərdə Əraqçi islahatçı Prezident Həsən Ruhaninin ikinci hökumətində xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. Əraqçi uzun müddət nüvə sazişi üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edib. O, Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşmək üçün dəfələrlə Moskvaya gəlib. İran-İraq müharibəsi zamanı (1980-1988) İslam İnqilabı Keşikçiləri Korpusunda xidmət edib. Hazırda o, İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının katibidir.

İyulun 6-da Tehranda yerləşən İran-Avrasiya Araşdırmaları İnstitutunun direktorlar şurasının üzvü, professor Mahmud Şuri TASS-a müsahibəsində qeyd edib ki, Əraqçi bu qurumun rəhbəri vəzifəsinə əsas namizədlərdən biri hesab olunur. 

General-mayor Nəsirzadə isə hazırda İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsini tutur.

Bütün namizədlər parlamentin təsdiqini almalıdırlar. Pezeşkian, həmçinin İranın neft naziri vəzifəsinə Neft Nazirliyinin keçmiş rəis müavini Möhsün Paknejadın, iqtisadiyyat naziri vəzifəsinə Mərkəzi Bankın keçmiş rəhbəri Abdolnasser Hemmati və kəşfiyyat naziri vəzifəsinə İsmail Xətibin namizədliyini qanunvericilərə təqdim edib. Xətib əvvəlki hökumətdəki yerini saxlayan yeganə nazirdir.