Ötən gün “Bitcoin” bir çox əsas dəstək səviyyələrini qıraraq, psixoloji cəhətdən vacib olan 50.000 dollar səviyyəsindən aşağı düşüb. “Bitcoin”dən sonra digər altkoinlər də 30%-ə qədər dəyər itirməyə başlayıb. Hazırda “Bitcoin” 51.500 dollar ətrafında ticarət olunur. Bir müddət əvvəl isə “Bitcoin” tarixi rekordu qıraraq ən yüksək səviyyəyə - 73 000 dollara çatmışdı. Amma bu, öz dayanıqlığını qısa müddət ərzində saxlaya bilib. Hazırda kriptovalyuta bazarında “krizisin” əsas səbəbləri nədir?

"Crypto Consulting" MMC-nin direktoru, UNEC-in Biznes Məktəbinin müəllimi Elnur Quliyev İqtisadiyyat.az-a açıqlamasında bu sual ətrafında fikirlərini bölüşüb. O bildirib ki, kriptovalyutaların qiymətinin düşməsi, əslində, qlobal fond bazarlarında daha geniş problemlərin əksidir: “ABŞ-də mümkün tənəzzüllə bağlı qorxular artır ki, bu da bütün dünyada riskli aktivlərin satışına səbəb olub. Böyük ehtimal ki, kriptovalyuta bazarındakı korreksiyanın əsas drayveri Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi nəticəsində ABŞ fond bazarında ötən həftədən davam edən çöküş olub”.

E.Quliyev kriptovalyuta bazarında qiymətlərin enməsinə təsir edən əsas dörd faktordan danışıb. Onun sözlərinə görə, bunlardan birincisi ABŞ-də qarşıdan gələn prezident seçkiləridir: “ABŞ-də qarşıdan gələn prezident seçkiləri kriptovalyuta bazarına da qeyri-müəyyənlik əlavə edib. Prezidentliyə namizəd Kamala Harris populyarlıq qazanmağa başlayıb, kripto icmasının dostu Donald Tramp isə mövqelərini itirir. İnvestorlar Harrisin qələbəsinin kriptovalyuta bazarına mənfi təsir göstərəcəyindən narahatdırlar”.

Ekspert kriptovalyuta bazarında qiymətlərin enməsinə təsir edən digər amilin makroiqtisadi qeyri-müəyyənlik olduğunu bildirib: “Bitcoin ABŞ-də məşğulluq məlumatlarının dərci fonunda ucuzlaşıb. Yeni iş yerlərinin sayı gözləniləndən xeyli az idi və bu, mümkün tənəzzül qorxusunu gücləndirdi. Nasdaq və S&P 500 fond indeksləri də bu xəbərə mənfi reaksiya verib”.

E.Quliyevin sözlərinə görə, Mərkəzi Bankların hərəkətləri də kriptovalyuta bazarında qiymətlərə təsir göstərir: “Yaponiya Mərkəzi Bankı gözlənilmədən əsas faiz dərəcəsini artırıb. Qərar Yaponiya fond indekslərinin aşağı düşməsinə səbəb oldu və qlobal bazarlara da təzyiq göstərdi. Uçot faiz dərəcəsinin dəyişməsi ilə bağlı ABŞ Federal Ehtiyat Sisteminin qeyri-müəyyənliyi də maliyyə bazarlarına təzyiqi artırıb”.

Mütəxəssis kriptovalyuta bazarında qiymətlərin enməsinə təsir edən digər əsas səbəbin kripto ETF-lərdən kapital axını olduğunu söyləyib. O vurğulayıb ki, kriptovalyuta fondlarından kapital axını kriptovalyuta bazarına mənfi təsir göstərib: “Belə şəraitdə ETF emitentləri aktivlərini satmağa məcbur olurlar və onların hərəkətləri kriptovalyutaların məzənnəsinə təzyiq göstərir. Hesab edirəm ki, "Bitcoin"in qiymətində yenidən artım potensialı qalmaqdadır. “Kripto balina”lar “Bitcoin”in düşməsindən rəqəmsal aktivləri cəlbedici nisbətdə almaq üçün mütəmadi olaraq istifadə edirlər. İri investorların bazarda bu davranışı onların "Bitcoin"in gələcəkdə müsbət hərəkəti perspektivlərinə inamından xəbər verir. Böyük ehtimal ki, noyabr ayına qədər qiymətlərin yenidən bahlaşmasını müşahidə edəcəyik”.

Sadiq Cavadov