İranın yüksək rütbəli nümayəndə heyəti "Ordu-2024" 10-cu beynəlxalq hərbi-texniki konfransında iştirak etmək üçün Rusiyaya səfər edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. 

Qeyd edilib ki, 2024-cü il avqustun 12-14-də "Ordu-2024" 10-cu beynəlxalq hərbi-texniki konfransının keçirilməsi planlaşdırılır. İranın yüksək rütbəli nümayəndə heyəti Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkil etdiyi "Ordu 2024" sərgisini ziyarət edəcək. Hərbi tədbirin keçirilməsində məqsəd sərginin xarici iştirakçılarına və nümayəndə heyətlərinə hərbi texnikanın imkanlarını nümayiş etdirməkdir.

İran İslam Respublikasının müdafiə sənayesi artıq üçüncü ildir ki, sərgidə fəal iştirak edir. Sərgidə İranın ən yeni hərbi və müdafiə-sənaye avadanlıqları nümayiş etdiriləcək. İran nümayəndə heyətinə Hatəm əl-Ənbiya bazasının koordinatorunun müavini, briqada generalı Əli Şadmani başçılıq edir.

Konfrans hərbi-sənaye kompleksi çərçivəsində əməkdaşlığın gələcək inteqrasiyası üçün şirkət və müəssisələrin öz məhsullarını nümayiş etdirə biləcəyi platformadır.