Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 2022-ci ildə Florida ştatındakı Mar-a-Laqo mülkündə FTB-nin axtarışı üçün ABŞ Ədliyyə Departamentindən 100 milyon dollar təzminat tələb etməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Fox News” telekanalı məlumat yayıb.

Respublikaçı hüquqşünaslar bildiriblər ki, Trampın mülkündə aparılan axtarışlar siyasi motivli olub.

“Ədliyyə katibi Merrik Qarland və Federal Təhqiqat Bürosunun Direktoru Kristofer Şray təmin etməli idi ki, agentləri Trampın razılığını alsınlar, onun vəkillərinə məlumat versinlər”, – “Fox News” Trampın vəkilləri tərəfindən tərtib edilmiş sənəddən sitat gətirir.

Məlumata görə, Trampın vəkilləri artıq Ədliyyə Nazirliyinə məhkəməyə müraciət etmək niyyəti barədə bildiriş göndəriblər. Departamentə bildirişin alındığı tarixdən 180 gün vaxt veriləcək ki, məsələni məhkəmədən kənar həll etsin, əks halda iş Florida ştatının Cənub Bölgəsi üzrə Federal Məhkəməsinə göndəriləcək.

Federal Təhqiqatlar Bürosunun əməkdaşları 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində axtarış zamanı ümumilikdə 102 sənəd ələ keçirib. Onlardan 27-si ofisdə, 75-i isə anbarda olub. Onlardan 17-si tam məxfi sənəd kimi təsnif edilib.

2023-cü ilin iyununda Mayami məhkəməsi eks-prezidenti məxfi sənədlərlə düzgün işləməməkdə ittiham edib. Trampı 400 ilə qədər həbs və böyük məbləğdə cərimə gözləyir. Ağ Evin keçmiş sahibinin özü iddia edib ki, tələsik və iş yükü çox olduğundan sənədləri qaytarmağa vaxtı olmayıb. Bu ilin iyulunda Trampın cinayət işində məxfi sənədlərin lazımınca saxlanmaması ilə bağlı bütün ittihamlar rədd edilib.

 

Sadiq Cavadov