Ötən il gənclər arasında qlobal işsizlik səviyyəsi son 15 ilin ən aşağı səviyyəsinə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının məlumatında deyilir.

Hesabat dövründə dünyada gənclər arasında işsizlik səviyyəsi 13%-ə enib. Söhbət 15-24 yaşlı gənclər arasında göstəricidən gedir. 2023-cü ildə dünya üzrə bu kateqoriyadan olan insanlar arasında ümumilikdə 64,9 milyon insan işsiz qalıb.

Analitiklər müsbət tendensiyanın 2024 və 2025-ci illərdə də davam edəcəyini proqnozlaşdırırlar. Onların gözləntilərinə görə, bu dövrün sonuna qədər dünyada gənclər arasında işsizlik səviyyəsi 12,8%-ə enəcək.

Gənclər arasında yüksək işsizlik problemi son zamanlar bir sıra Asiya ölkələrində daha da pisləşib. Belə ki, Hindistanda ötən ilin dördüncü rübündə 20-24 yaş arası vətəndaşlar arasında işsizlik səviyyəsi 43,65 faizdən 44,49 faizə yüksəlib. Öz növbəsində, 25-29 yaşlı əhali arasında işsizlik səviyyəsi 13,35 faizdən 14,33 faizə yüksəlib. Mütəxəssislər bu cür dinamikanı digər məsələlərlə yanaşı, İT sənayesindəki ixtisarlarla əlaqələndirirlər.

 

Gözəl Həşimova