Yeni tədris ilinin başlanmasına bir aydan bir qədər çox vaxt qalıb. Artıq paytaxtın kirayə mənzil bazarında hərəkətlilik müşahidə olunur. Kirayə mənzil bazarına tələbin artması ilə qiymətlərdə dəyişikliyin olması ehtimalı böyüyür.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ölkənin böyük şəhərlərində, xüsusən də paytaxt Bakıda son illər kirayə mənzil bazarında ciddi mənzil qıtlığı və qiymət artımları müşahidə olunur.

Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymət artımına müəyyən amillər səbəb olur. Ekspert xatırladıb ki, 2016-cı ildən başlayaraq Bakıda istismar müddətini bitirmiş və xüsusən qəzalı olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin söküntüsü işləri həyata keçirilir:

“Bu tip ərazilər söküldükcə artıq həmin ərazilərdə mövcud olan kirayəlik mənzillər bazara çıxmış olur və nəticə etibarilə o binalarda və yaşayış massivlərində yaşayan insanlara yeni tikili binalardan mənzillər təhvil verilən günə qədər özləri kirayəyə çıxmış olurlar. Bu da paytaxt ərazisindəki kirayəlik mənzillərin daha çox paytaxt sakinləri tərəfindən uzunmüddətli kirayələnməsinə gətirib çıxarır”.

Mütəxəssis hesab edir ki, kirayə bazarında qiymətlərə təsir edən digər amillərdən biri də mənzillərin satış qiymətləridir: “Kirayə qiymətləri həmin əmlakların və mənzillərin satış qiymətləri ilə ölçülür. Ortalama bir əmlakın kirayə qiyməti onun 0,5%-i ilə hesablanır. Məsələn, bir mənzilin satış qiyməti 100 min manatdırsa, onun ortalama kirayə qiyməti təxminən 500 manat civarında olur. Ümumən, son illər əmlak bazarında baş verən qiymət artımları kirayə mənzil bazarına da öz təsirini göstərib. Yəni ortalama 4-5 il bundan əvvəl birotaqlı “xruşşovka” layihəli mənzilin satış qiyməti təxminən 60-70 min manata idisə, onun kirayə qiyməti təqribən 300-350 manat təşkil edirdi. Hazırda həmin bir otaqlı mənzillərin satış qiyməti ortalama təxminən 90-110 min manat arası dəyişir ki, bu da onların kirayə qiymətlərini ortalama 400-500 manat civarında edir. Söhbət daha çox Bakının Nərimanov, Yasamal və Nəsimi rayonlarından gedir. Tələbələr daha çox bu ərazilərdə mənzillər axtarırlar. Başqa bir tərəfdən artıq ali təhsil müəssisələrinə qəbul olan tələbələrin qəbul vaxtı daha tez bəlli olduğuna görə onlar daha tez mənzillər kirayələyirlər. Bu da sentyabr ayında geri dönən tələbələr üçün artıq ciddi problemlər yaradır və onların ev tapmalarında müəyyən çətinliklər ortaya çıxır. Bunun da qiymətlərə təsiri qaçılmazdır”.

E.Fərzəliyev vurğulayıb ki, bu tip problemlərin aradan qaldırılması üçün birmənalı olaraq tələbə yataqxanaları yenidən bərpa olunmalıdır: “Bir zamanlar tələbə yataqxanalarının böyük hissəsində məcburi köçkünlərimiz yaşayırdılar. Artıq onların, demək olar ki, böyük hissəsi dövlət tərəfindən evlə təmin olunub. Digər tərəfdən həmin məcburi köçkünlərimiz artıq mərhələli şəkildə öz yurdlarına geri dönürlər. Köhnə tələbə yataqxanaları sökülərək onların yerinə daha müasir, daha hündür mərtəbəli yataqxanalar tikilərsə, bu, təbii ki, tələbələrin ev problemlərini aradan qaldırmış olar. Kirayə mənzil bazarının bir hissəsini tələbələr təşkil etdiyinə görə, onların ev probleminin həlli həmçinin kirayə mənzil bazarında da qiymətlərin stabilləşməsinə və enməsinə gətirib çıxara bilər. Əks halda Bakının baş planına uyğun olaraq, 2040-cı ilə qədər paytaxt ərazisində çox sayda köhnə çoxmənzilli yaşayış binaları və ya mərkəz ərazilərdə yerləşən fərdi yaşayış evlərinin sökülməsi artıq ucuz kirayə mənzillərini əlçatan etməyəcək. O baxımdan yataqxanalar bərpa olunarsa, artıq həm tələbələrin ev problemi həll olunar, həm də kirayə mənzil bazarında qiymətlərdə stabilləşmə baş verər”.

 

Sadiq Cavadov