Bir müddətdir ki, Azərbaycanın tikinti bazarında bahalaşma müşahidə olunur. Belə ki, alıcılar satışa çıxarılan müxtəlif növ materialların qiymətlərində artım olduğunu bildirirlər. Buna misal olaraq, bazarda bir kisə sement üçün qiymətin 0,2 manat bahalaşdığı da göstərilir. Mütəxəssislər hesab edirlər ki, tikinti materiallarındakı bahalaşma həm yeni tikilən evlərin, həm mənzillərin, həm də qeyri-yaşayış obyektlərinin qiymətlərində artıma səbəb ola bilər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc İqtisadiyyat.az-a açıqlamasında inşaat və tikinti materialları sektoru ilə daşınmaz əmlak sektorunun birbaşa bağlı olduğunu, xərclərin tikinti obyektinin qiymətinə təsir göstərdiyini deyib.

O bildirib ki, hazırda tikinti materiallarının qiymətində bahalaşma prosesi gedir və bu proses, yəqin ki, davam edəcək. Mütəxəssisin sözlərinə görə, hər hansı bir fors-major hadisə baş verməzsə, bu, nəticədə alınan məhsula, yəni evlərə, mənzillərə və qeyri-yaşayış obyektlərinin qiymətlərinə təsir göstərmiş olacaq: “Hazırda əsas tikinti materiallarının qiymətində artımın olduğunu görürük. Bu proses, çox güman ki, digər köməkçi inşaat materiallarına da təsir göstərmiş olacaq. Sahibkar əvvəlki xərcləri ilə müqayisədə bir kvadrat metrin başa gəlmə xərcinin 10-15% yüksəldiyini görərsə, o zaman təbii ki, son məhsulun, yəni bazara təklif etdiyi mənzillərin qiymətini də təqribən bir o qədər artırmış olacaq. Hesablamalarımıza görə, bu bahalaşma tendensiyası hələ davam edəcək. Çünki Azərbaycan iqtisadiyyatı böyüyür”.

V.Oruc vurğulayıb ki, qiymət artımı təkcə inflyasiya və yaxud da hər hansı bir məhsulun qiymətinin artımasının digərinə təsiri ilə bağlı deyil. Onun sözlərinə görə, iqtisadiyyatı böyüyən dövlətlərdə daşınmaz əmlakın, ümumiyyətlə xərclərin və məhsulların qiymətinin artımı təbiidir: “Buna adekvat olaraq həmin ölkələrdə hökumətlər eyni zamanda əhalinin maddi rifah halının yüksəldilməsi üçün onların minimum əmək haqqlarının artırılması istiqamətində də addımlar atırlar. Yəqin ki, bizdə də adekvat addımlar atılacaq. Söhbət ondan gedir ki, 30 ildən artıq işğal altında olan torpaqlarımızın azad edilməsi nəticəsində həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin işlərin aparılması eyni zamanda tikinti materiallarına tələbatın yüksəlməsi ilə nəticələnir. Yəni hazırda vaxtilə digər regionlarda, o cümlədən Bakıda olan qurğular və texnikalar birmənalı şəkildə həmin ərazilərə daşınır, hətta bununla kifayətlənilmir, yeni texnikalar alınır. Bunlar da təbii ki, tikintinin daha da geniş vüsət alması ilə nəticələnir. Bu da tikinti materiallarının qiymətlərinə bir növ təsir göstərən amillərdən biridir”.

Sədr söyləyib ki, tikinti materiallarının qiymətində bahalaşma növlərindən asılı olaraq 5-7%, hətta 10-15% civarındadır. Onun sözlərinə görə, əsas tikinti materiallarının artımı isə təqribən 15%-dir: “Amma o demək deyil ki, nəticədə tikintinin bir kvadratına sərf olunmuş xərclər məhz o qədər yüksələcək. O baxımdan komponent olaraq fərqli faizlərlə artım müşahidə olunur. Düşünürəm ki, ortalama tikinti xərcləri 10-12% artacaq. Tikinti xərcləri artarsa, bu da bazara öz təsirini göstərəcək. Heç kim deyə bilməz ki, məhz tikinti artımı nə qədər olursa, sahibkar da bir o qədər qiymətləri qaldıracaq. Burada bazarın reallıqları da nəzərə alınmalıdır. Çünki qiymətlərin artmasına baxmayaraq, daşınmaz əmlak bazarında hələ də aktivlik gözlənilən səviyyədə deyil. Yəni bazara çıxarılan təkliflər o qədər də böyük həvəslə alınmır. İpoteka və Kredit Zəmanət Fondunun da müxtəlif dövrlərdə kredit ayırmaları olur. Belə olduqda bazarda aktivlik yaranır və bu proses qiymətlərin də artmasına səbəb olur. Ümumilikdə, tikinti materiallarının xərclərinin artması bazara öz təsirini göstərəcək. Hesab edirəm ki, burada konkret rəqəm demək düzgün olmaz”.

Göründüyü kimi, inşaat və tikinti sektorunda mövcud qiymət artımı mənzil bazarında da qiymətlərə təsirsiz ötüşmür. Məlumat üçün bildirək ki, 2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7984,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çox investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş investisiyaların 5513,4 milyon manatı və ya 69,0%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-iyun aylarında istehsalın ümumi dəyəri 642,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,7% artıb. Dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 3,1 dəfə, asfalt istehsalı 44,9%, beton istehsalı 32,2%, tikinti gipsinin istehsalı 24,9%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 16,8%, sement istehsalı isə 13,3% artıb. Tikinti materiallarının istehsalın artmasına baxmayaraq, qiymətlərdə bahalaşma müşahidə edilir. İqtisadçılar isə bahalaşmanı bir neçə amillə əlaqələndiriblər.

İqtisadçı ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, tikinti materiallarının qiymətinin bahalaşmasında daşınma xərclərinin artması böyük rol oynayır. O, daşınma xərclərinin artmasını isə belə əsaslandırıb: “Əsas səbəb ondan ibarətdir ki, əvvəllər yük maşınları istənilən qədər yüklənə bilirdi. İndi isə elektron radarlar quraşdırılıb və bununla bağlı konkret tənzimləmə mövcuddur. Məsələn, əvvəl bir maşında bir dəfəyə 45-50 ton yük daşınırdısa, indi bu göstərici 25-30 tona bərabərdir. Göründüyü kimi, daşıma qabiliyyəti iki dəfə aşağı düşüb. Bu da o deməkdir ki, yükdaşımanın qiyməti iki dəfə artıb. Materialların xüsusiyyətindən asılı olaraq onların daşıma xərclərində də qiymət artımı 25-30% təşkil edir”.

İqtisadçı qiymət artımında digər səbəb kimi normativlərin və ekoloji standartların daha da sərtləşdirilməsini göstərib: “Qum, çınqıl və s. çıxarılanda əvvəl normativlərə fikir verilmirdi, ekoloji standartlara baxılmırdı. İndi isə orada ciddi nəzarət var və standartlara uyğun olaraq işlər gedir. Ona görə də qiymətlər qalxır. Eyni zamanda tikinti materiallarında qiymət artımına səbəb həmçinin ölkədə dizel yanacağının bahalaşmasıdır. Çünki dizel yanacağı daşınmada mühüm rol oynayır. Dizel yanacağının bahalaşması bütün tikinti materiallarının, kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərir. Hesab edirəm ki, tikinti və inşaat sektorunda qiymətlərin artması tədricən evlərin, mənzillərin və obyektlərin qiymətinə təsir edəcək. Təbii ki, sahibkar materialı daha baha alırsa, evi də ucuz satmayacaq. Amma burada əsas məqam yenə də tələbdən asılıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli isə İqtisadiyyat.az-a açıqlamasında tikinti materiallarının qiymətinin artmasının bir neçə səbəblə bağlı ola biləcəyini deyib. O bildirib ki, Azərbaycan bir çox tikinti materialları məsələsində idxaldan asılıdır.

Məhz buna görə də, xaricdə bahalaşma olan kimi ölkə daxilində də qiymət artır: “Həmçinin tikinti materiallarının həm istehsalında, həm də daşınmasında dizel yanacağının rolu böyükdür. Bu növ yanacağın qiymətinin artması təbii ki, son məhsulun qiymətinə də təsir göstərəcək. Əgər tikinti materiallarının qiyməti artırsa, məntiqlə bu, mənzil bazarına da təsirsiz ötüşməyəcək. Tədricən mənzillərin qiymətində artımı müşahidə edəcəyik”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.

Sadiq Cavadov