Müasir dövr sürətlə dəyişən və inkişaf edən texnologiyaların dövrüdür. Bu dəyişikliklər bir çox sahələrdə yeni ixtisasların yaranmasına gətirib çıxarıb. Dünya inkişaf etdikcə elm və texnologiya sahəsində yeni zərurətlərin ortaya çıxması qaçılmazdır. Görünən odur ki, elmi yeniliklər və müasir dövrün tələbləri nəticəsində ali təhsil müəssisələrində yeni ixtisaslar yaradılır. Bu isə dünyanın yeni kadr ehtiyatına olan ehtiyacının göstəricisidir.

Təhsil məsələləri üzrə ekspert Cahid İmanlı İqtisadiyyat.az-a açıqlamasında müasir dövrün ixtisasları ilə bağlı fikirlərini bölüşüb. O, qruplar üzrə hansı ixtisaslara tələbatın daha yüksək olmasından və gələcək perspektivlərini qorumasından danışıb.

Ekspert bildirib ki, birinci qrup üzrə informasiya təhlükəsizliyi və ümumiyyətlə proqramlaşma ilə bağlı bütün ixtisaslar, eləcə də mühəndislik ixtisasları bu günün və yaxın gələcəyin perspektivli ixtisasları olaraq qalacaq: “Bu qrupda ayrıca olaraq qida mühəndisliyi, aqronomluq və kənd təsərrüfatı ixtisasları daha çox aktuallıq qazanacaq. İkinci qrupda isə maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi ənənəvi ixtisaslar olaraq hələ ki, öz çəkisini qoruyub saxlayır”.

Mütəxəssis həmçinin abituriyentlərin üç və dördüncü qruplar üzrə daha çox üstünlük verdiyi ixtisaslardan da söz açıb: “Üçüncü qrupda pedaqoji yönümlü ixtisaslarla yanaşı spesifik olaraq bəzi regionşünaslıq ixtisasları aktuallıq daşıya bilər. Ən “mühafizəkar” qruplardan biri olan dördüncü qrupda isə tibb ixtisaslarından sonra psixologiyaya tələbat artıb. Bu qrupda yaxın gələcəkdə ekologiyaya da tələbat arta bilər”.

Xatırladaq ki, texnologiya, səhiyyə, ətraf mühit, robototexnika, dizayn və təhsil sahələrindəki yeniliklər insanların həyatına müxtəlif aspektlərdən təsir göstərir və onlara yeni iş imkanları vəd edir. Bu baxımdan ixtisas seçiminə xüsusi diqqət yetirmək lazımdır. Düzgün ixtisas seçimi etməzdən öncə əmək bazarının tələbləri diqqətlə araşdırılmalıdır. İxtisas seçimi edərkən həmin sahənin həm qısamüddətli, həm də uzunmüddətli perspektivlərini dəyərləndirmək lazımdır. Məsələn, bəzi sahələrdə iş imkanları hazırda çox ola bilər, amma uzun müddətli perspektivdə bu sahədə iş imkanları azala bilər. Buna görə də həmin sahənin inkişaf dinamikası və gələcəkdə hansı istiqamətdə iş imkanlarının artacağı nəzərə alınmalıdır.

Sadiq Cavadov