MTM (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında ümumi daxili məhsul istehsalı ilə bağlı göstəricilərin təhlilini aparıb. 

Mərkəzdən İqtisadiyyat.az-a verilən məlumata görə, son 5 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə ən yüksək artım 2022-ci ildə qeydə alınıb.

2022-ci ilin yanvar-iyun aylarında ÜDM istehsalı 63,4 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 58,7 % və ya 23,5 milyard manat çox olub.

2022-ci ildə qeydə alınan artımın əsas səbəbi neft və qaz məhsulları üzrə qiymətlərin dünya bazarında artmasıdır.

Qeyd edək ki, cari ilin birinci yarısında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 59,5 milyard manat təşkil edib.

Sahələr üzrə ÜDM istehsalına baxsaq, sənaye sektorunun (38,5%) digərlərini dəfələrlə qabaqladığını görərik. Belə ki, 2024-cü ilin I yarımilində sənaye sektoru üzrə ÜDM istehsalı 22,9 milyard manat təşkil edib.

Aparılan təhlil zamanı məlum olub ki, ÜDM istehsalında informasiya və rabitə sektoru (1,7%) ən az paya sahib olsa da, 2024-cü ilin I yarımilində bu sektorun ÜDM istehsalında həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,8% və ya 83,9 milyon manat artaraq 1 milyard manatı ötüb.

Cari ilin ilk 6 ayında neft-qaz sektoru üzrə ÜDM istehsalı 20,7 milyard manat olub və bu, ümumi ÜDM istehsalının 34,8%-ni təşkil edib. Qeyri neft-qaz sektoru üzrə ÜDM istehsalı isə ötən ilin ilk 6 ayı ilə müqayisədə 7,3% və ya 2,6 milyard manat artaraq 38,8 milyard manata çatıb. 2023-cü ilin I yarımilində qeyri neft-qaz sektorunun ÜDM istehsalında payı 60% idisə, cari ilin eyni dövründə bu rəqəm 65,18%-ə yüksəlib.

Son 5 ilin I yarımillərində adambaşına düşən ÜDM həcmi ilə bağlı göstəricilərə diqqət etsək, ən yüksək nəticənin 2022-ci ildə qeydə alındığını görərik. Həmin ilin ilk 6 ayında adambaşına düşən ÜDM həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 58,1% və ya 2317,3 manat artaraq 6304,9 manata çatıb.

Cari ilin ilk 6 ayına olan göstəricilərə görə adambaşına düşən ÜDM həcmi 5840,7 manat təşkil edib.