2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2023-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,5% artaraq 15 milyard 892.1 milyon manat olub.

Bu barədə İqtisadiyyat.az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Statistika İdarəsinin məlumatına görə, cari ilin I yarımilində ən yüksək pərakəndə ticarət dövriyyəsi Nəsimi rayonunda qeydə alınıb. Bu dövrdə Nəsimidə 2 milyard 408.2 milyon manatlıq məhsul satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8% çoxdur.

Bu siyahıda ikinci yerdə Nizami rayonu gəlir. Belə ki, Nizamidə pərakəndə ticarət dövriyyəsi 1 milyard 840.9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur.

Üçüncü yerdə isə Xətai rayonu dayanır. Cari ilin yanvar-iyul aylarında Xətai rayonunda pərakəndə ticarət dövriyyəsinin həcmi 1 milyard 754.8 milyon manat olub ki, bu da 2023-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 4.2% çoxdur.

Qeyd edək ki, hesabat dövründə paytaxtın iki rayonunda pərakəndə ticarət dövriyyəsi azalıb, on rayonunda isə artıb.

Pərakəndə ticarət dövriyyələrinin ən yüksək artım faizi Pirallahı (22.6% artım) və Nəsimi ( 11.8% artım) rayonlarında, azalma faizi isə Sabunçu ( 3.6% azalma) və Xəzər ( 3.5% azalma) rayonlarında qeydə alınıb.

Xatırladaq ki, cari ilin hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 0,6% artaraq 9 milyard 116,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5% artaraq 6 milyard 775,3 milyon manata bərabər olub.

Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə pərakəndə ticarət dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb azalma faizləri verilib.