Ötən gün Gəncədə yas mərasimində kütləvi zəhərlənmə ilə bağlı məlumat ölkə gündəmini zəbt edib. Ümumilikdə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin sayı yüzü ötüb. Sözügedən hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb. Kütləvi zəhərlənmə faktı isə ciddi narahatlıq doğurur. Adətən, belə hallar mənşəyi bəlli olmayan qidalar, çirkli su və ya təhlükəli kimyəvi maddələrlə təmas nəticəsində baş verir. 

Qida mühəndisi Fərid Səfərov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, qida zəhərlənməsi qida yolu ilə keçən və daha çox mədə-bağırsaq sistemi şikayətləri ilə müşayiət olunan ciddi bir xəstəlikdir.

Onun sözlərinə görə, bir şəxs bakteriya və ya toksinlərlə çirklənmiş qida və ya içki istehlak etdikdə bu baş verir. Mütəxəssis bildirib ki, qida və ya içkinin bakteriya və ya toksinlərlə çirkləndiyini söyləmək çətin olur, çünki görünüşündə, qoxusunda və dadında heç bir dəyişiklik olmaya bilər: “Ümumi yemək yedikdən 6-24 saat sonra xəstəlik eyni yerdə olan və eyni yemək yeyən bir qrup insanda görülə bilər. Qida zəhərlənməsinin əksəriyyəti bakteriyaların yaratdığı toksinlər və ya bakteriyaların miqdarından qaynaqlanır. Bəzi bakteriyalar lazımi rütubət, qidalanma, temperatur və vaxt şərtləri təmin edildikdə milyonlarla çoxala bilir və nə qədər çox bakteriya varsa, infeksiya və xəstəlik riski də bir o qədər yüksək olur”.

F.Səfərov bu cür hallardan qorunmağın, əslində, çox sadə yollarının olduğunu söyləyib. Onun sözlərinə görə, yeməklərin hazırlanması və təqdim edilməsi zamanı gigiyena qaydalarına əməl edilməli və hazırlandıqdan sonra müvafiq saxlama şəraiti təmin edilməlidir ki, qida mikroblarla çirklənməsin: “Alış-verişdən qayıdan kimi lazım olan qidaları soyuducuya qoymaq, həmişə çiy ət və balığı yaxşı qablaşdırılmış halda soyuducuda saxlamaq lazımdır. Kənardan alınan ət, süd və balıq kimi qidaların təzə olmasına diqqət etmək, məlum mənbələrdən keyfiyyətli məhsullara üstünlük vermək vacibdir. İstehlak olunan qidanın son istifadə müddətini keçməməsinə diqqət etmək zəruridir. Zərərli bakteriyaları öldürmək üçün ətin və digər qidaların düzgün bişirilməsinə əmin olmaq lazımdır. Pasterizə edilməmiş süd, çiy yumurta və az bişmiş ət yeməkdən çəkinmək sağlamlaq üçün xeyirlidir. Tərəvəz və meyvələri axar suyun altında yaxşıca yumaq lazımdır, yeməyi bir neçə saatdan çox, isti günlərdə isə bir saatdan çox nəzarətsiz saxlamaq olmaz”.

Qida mütəxəssisi söyləyib ki, cəmiyyətdə tez-tez istifadə edilən üsullardan biri də bişmiş yeməkləri qızdırmaq və yeməkdir: “Bu edilə bilər, lakin bişmiş yemək yenidən qızdırılmadan əvvəl soyudulmalıdır. Buna əməl edilməməsi ictimai yerlərdə zəhərlənmələrin əsas səbəblərindən biridir. Yenidən qızdırarkən yeməyi 10 dəqiqə qaynatmaq faydalıdır”. 

Fərid Səfərov həmçinin mümkün zəhərlənmələrdən qorunmaq üçün tövsiyələrini də bölüşüb: “Yemək bişirən və yeyən şəxsin əlində kəsiklər varsa, qidaya toxunmazdan əvvəl onları sarğı ilə örtməlidir. Yemək hazırlamazdan və ya hazır yeməklərlə işləməzdən əvvəl əllər yuyulmalıdır. Yemək hazırlanan mətbəx otağı və piştaxta kimi yerlər hər zaman təmiz saxlanılmalıdır. Ev heyvanlarını piştaxtalardan və yeməklərdən uzaq tutmaq lazımdır”.

Ümumiyyətlə, müşahidələr onu deməyə əsas verir ki, qida zəhərlənmələri halları daha çox iaşə müəssisələrində baş verir. Müxtəlif mərasimlər zamanı qeydə alınan bu hadisə qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət edilməsinin gücləndirilməsinə zərurət yaradır. Bu xoşagəlməz hadisənin yas mərasimlərində baş verməsi isə hüzr yerlərində israfçılığa yol verilməsinə qarşı mübarizəni yenidən gündəmə gətirir.

“İmam Əli” məscidinin axundu Hacı Fuad Pənahlı İqtisadiyyat.az-a açıqlamasında deyib ki, istər toyda, istər yasda, istərsə də adi gündə israfçılıq qətiyyən yolverilməzdir. Onun sözlərinə görə, təkcə qidaya deyil, vaxta və zamana, maddi vəziyyətə də birmənalı olaraq israf etmək olmaz:

“İslam dininin baxışında yas məclislərində ehsan verilməsi vacib görülmür. Yəni vacib deyil ki, bir insan dünyasını dəyişən əzizi üçün süfrə açsın, bunun üçün kredit götürsün və ya borca düşsün. Bu kimi şeylər İslamda vacib olaraq görülmür və əmr də olunmayıb.Yas mərasimində ehsan süfrəsini açmamaq günah və haram iş sayılmır”. 

“Ölüm elə bir hadisədir ki, bizim cəmiyyətdə bu baş verən zaman istər-istəməz yaxından və ya uzaqdan başsağlığına gəlirlər. Cəmiyyətimizin adətinə uyğun olaraq, hər zaman gələn qonaqlara müəyyən çay, su və yemək təklif olunur. Burada əsas məsələ orta həddin qorunması, israfa yol verilməməsi, xüsusən də gigiyenik cəhətdən bu məsələlərə diqqətli yanaşılmasıdır. Ümumi götürdükdə bütün normativ yerində olarsa belə, bir insanın dünyasını dəyişən şəxs üçün ehsan verməsi vacib deyil, amma bu, qadağan da deyil. Yəni kimsə ona olmaz və ya haramdır deyə bilməz. Əlbəttə, dediyim kimi normativə əməl etsin, israf etməsin, qidalar təzə olsun, çox həddini aşmasın və s. Əgər orta bir vəziyyəti tuta bilsə, heç bir günahı olmaz”, - ilahiyyatçı əlavə edib. 

Sadiq Cavadov