Birləşmiş Ştatlar Administrasiyası Monqolustanın vəziyyətini başa düşür, lakin Ulan-Batorun Beynəlxalq Cinayət Məhkəməsi (BCM) qarşısında götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsini gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu mövqeyi Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə bildirib.

Ondan Rusiya Prezidenti Vladimir Putinin BCM-nin üzvü olan Monqolustan səfərini şərh etməsi xahiş olunub. Diplomat cavabında, "Biz Monqolustanın BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən suverenlik və ərazi bütövlüyünə dair müddəalara əməl edəcəyini və bu prinsiplərə bütün dünyada hörmətlə yanaşacağını gözləyirik. Monqolustanın düşdüyü vəziyyəti başa düşürük, iki böyük dövlət arasında qalıb, lakin biz qanunun aliliyini dəstəkləməyə davam etmənin vacib olduğuna inanırıq", - deyə cavab verib. 

"Biz Monqolustanı dəstəkləməyə davam etməyi gözləyirik, lakin hesab edirik ki, onların beynəlxalq öhdəliklərini yerinə yetirməsi vacibdir. Rusiya ilə ünsiyyət qursalar, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini açıq şəkildə bildirmələri vacibdir", - Miller yekunlaşdırıb.

Qeyd edək ki, Vladimir Putin sentyabrın 2-də Ulan-Batora gəlib və artıq səfəri başa çatıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinin Monqolustan səfərindən narahatlığını ifadə edən Qərb siyasətçilərinə təəssüfləndiyini bildirib. 2023-cü il martın 17-də BCM Putin və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanı əhalinin, o cümlədən uşaqların qeyri-qanuni deportasiyasından ibarət olan hərbi cinayətlərdə iştirakda ittiham edərək həbsə order verib.