Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibati binası üçün icarə haqqı məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, Agentlik inzibati binanın icarəsinin satın alınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Qurum tenderdə qalib olan sahibkar Səfərov Əşrəf Səxavət oğlu ilə müqavilə bağlayıb.

Agentlik 3932 kvadrat metr sahəyə malik olan inzibati binanın 34 aylıq icarəsi üçün sahibkara 2.740.604 manat ödəniş edib.

Bu isə aylıq icarə haqqının 80 606 manat olduğu deməkdir.

Bir müddət əvvəl sahibkar Ə.Səfərov DOST İş Mərkəzi üçün də inzibati bina sahəsinin icarəsi ilə bağlı tenderin qalibi olub. 

DOST Agentliyi 2750 kv.metrlik ofisin icarəsinə görə onunla bir il müddətinə 853 710 manatlıq (aylığı 35 571,25) müqavilə bağlayıb.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Əşrəf Səfərov əvvəllər "Parabank”ın Nəsimi filialına rəhbərlik edib.