Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

17:23

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

FHN-in Mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

17:03

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

***

16:38

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

16:06

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub. İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.

***

15:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə İqtisadiyyat.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Əlavə məlumat veriləcək.