Azərbaycanın ərazi bütövlüyünü və bütün torpaqları üzərində suvernliyini bərpa etməsi Qarabağda mövcud olmuş separatçı rejimin ölkəmizdə tabutuna vurulan son mismar oldu. Bir neçə on il ərazimizdə kənar güclərin köməyi ilə fəaliyyət göstərmiş rejimin bir çox təmsilçiləri indi Bakı həbsxanalarında keçmiş günlərinin nostalgiyası ilə yaşayırlar, həm də əməllərinin layiqli cəzalarını çəkirlər. Azərbaycan dövlətçiliyinə qəsd edənlər, ölkəmizin ərazi bütövlüyünə xələl gətirənləri əslində, başqa aqibət də gözləyə bilməzdi. Qüdrətli Azərbaycan xalqının, onun dövlətinin buna imkan verməsi qeyri-mümkün idi. İkinci Qarabağ müharibəsi, ötən ilin sentyabrında həyata keçirilən birgünlük antiterror  tədbiri həm separatçılara, həm də onun havadarlarına layiqli dərs oldu.

Gözlənilirdi ki, baş verənlərdən erməni tərəfi artıq lazımi nəticələr çıxarb Azərbaycanla münasibətlərini normallaşdırmağa, sülh şəraitində yaşamağa çalışacaq. Lakin hazırda Ermənistanda fəaliyyət göstərən Qarabağda mövcud olmuş separatçı rejimin təmsilçilərinin açıqlamaları, iddiaları onların yeni bir dərsə ehtiyaclarının olduğunu göstərir. Hər halda barəsində bəhs edilən separatçı-terrorçu rejimin son “rəhbəri” hesab olunan Samvel Şahramanyanın açıqlamaları da bunun təsdiqi hesab oluna bilər. Antiterror əməliyyatı zamanı Azərbaycana yalvaran Şahramanyan Ermənistana qayıtdıqdan sonra yenidən əsl xislətini nümayiş etdirməyə başlayıb. O, hansısa statusla Qarabağa qayıtmaqdan bəhs edir, Azərbaycanın bu əzəli torpağına yenidən ermənilərin iddialarının olduğunu bildirir. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi komitənin bu xüsusda müvafiq fəaliyyət göstərdiyini, beynəlxalq təşkilatlarla iş apardığını diqqətə çatdırır. Hansısa beynəlxalq zəmanətlərlə Qarabağa qayıtmaq niyyətlərinin olduğunu vurğulayır.

Bundan başqa, bu ünsür separatçı rejimin ləğvi haqda “fərman”ının heç bir “hüqiqi qüvvə”sinin olmadığını bildirir. Düzdür, Şahramanyanın və separatçı rejimin digər təmsilçilərinin imza atdırları hansısa “sənədlər” əvvəldən də “hüquqi qüvvəyə” malik olmayıb, adi kağız parçası olub. Amma onun dedikləri bir daha ermənilərin nə sözünün, nə də imzasının etibarlı olmadığını növbəti dəfə təsdiqləmiş oldu. Elə Ermənistanın baş naziri Nikol Paşinyan da vaxtaşırı imza atdığı bir sıra sənədlərdən çox asanlıqla imtina edir. Məsələn, Paşinyanın da imza atdığı 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatının 9-cu bəndinə əsasən, Zəngəzur dəhlizi açılmalı idi. Amma Paşinyan imza atdığı bu şərtdən imtina edir. Belə misalların sayı kifayət qədərdir. Bunlar bir daha təsdiq edir ki, ermənilərə etibar etmək mümkün deyil və onlarla imzalanan hər hansı razılaşmalara əlavə təminatlar da lazımdır.

Şahramanyanın sərsəmləmələrinə gəlincə, onu bu məsələdə Ermənistanın revanşist dairələrinin dəstəklədiyi sirr deyil. Onların yanaşması Azərbaycan və Ermənistan arasında müharibənin davam etməsinə nail olmaqdır. Bu hal Ermənistanda mövcud hakimiyyətin dedikləri ilə də ciddi ziddiyyət təşkil edir. Elə o səbəbdən Azərbaycana qarşı ərazi iddiası səsləndirən Samvel Şahramanyanın və yandaşlarının ən azından həbsə atılması üçün Nikol Paşinyan iqtidarı lazımi tədbirlər görməlidir. Axı, onların mövqeyi Ermənistanda Azərbaycana qarşı ərazi iddialarının sona çatmadığını göstərir. Bu da sülh gündəliyinə ziddir və yeni münaqişəni təşviq edir. Hadisələrin bu səpkidə inkişafından ən çox zərər görən tərəflərdən biri isə məhz Ermənistan hakimiyyəti olacaq.

Qarabağı könüllü tərk edən ermənilərin bura qayıdışı ancaq bir şərtlə mümkündür: Azərbaycan vətəndaşlığını qəbul edib, ölkəmizin qanunları əsasında yaşamaq. Eyni zamanda Azərbaycandan başqa heç kim ermənilərin qayıdışına zəmanət verə bilməz. Amma separatçı iddialardan əl çəkməyənlər bu reallığı hələ də qəbul etmək istəmirlər.  Əksinə, yeni münaiqşəyə nail olmağa çalışırlar. Bu prosesdə yer alanlardan biri olan Şahramanyanın isə separatçı rejimin özündən əvvəlki “rəhbəri” olmuş Bako Saakyanın, Araik Arutunyanın aqibətini görməzlikdən gəlməyə çalışması onun da eyni sonucla üzləşməsinə gətirib çıxaracaq. Bakı həbsxanasında Şahramanyan və Azərbayacan qarşı fəaliyyət göstərənlər üçün yer var. Şahramanyanın bu gedişlə Bakıda məlum yerdə  Saakyanla Arutunyanla dərdləşməyə vaxtı olacaq.

Azərbaycan qüdrətli ölkə kimi istənilən təhdidi məkanından asılı olmayaraq, neytrallaşdırmağa qadirdir. Hər halda bunun nümunələri də az deyil və onlar erməniləri özünə də yaxşı bəllidir. İndiki halda vacib olan daha bir məsələ isə ermənilərin bitməyən Qarabağ arzusu fonunda Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına, indiki Ermənistan ərazisinə qayıdışlarının təmin edilməsidir. Ancaq onlar ermənilərdən fərqli olaraq, Ermənistana ərazi iddiası irəli sürmürlər. Əksinə, qayıtdıqdan sonra erməni cəmiyyətinə inteqrasiyaya, müvafiq qanunvericilik əsasında Ermənistanda yaşamağa hazır olduqlarını bəyan edirlər. Artıq bu prosesin tezləşdirilməsi, sistemli xarakterinin daha da sürətləndirilməsinə zərurət var. Bu, iki ölkənin sülh şəraitində yaşamasına, münasibətlərinin inkişafına da ciddi töhfə olardı.

MTM Analitik Qrup