"İSR" Şirkətlər Qrupununa daxil olan "İSR-Mühafizə" MMC məcburi auditdən yayındığı üçün cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə barəsində protokol tətbiq edilmiş "İSR" Şirkətlər Qrupununa daxil olan "İSR-Mühafizə" MMC ilə bağlı müraciətə baxılıb.  

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.  

Mətbuatda yayılan məlumata əsasən, "İSR-Mühafizə" MMC-nin qanuni təmsilçisi Camal Ağamirzəyev Hüseynağa oğludur. "İSR" Şirkətlər Qrupunun rəhbəri isə İsgəndər Xəlilovdur.