Böyük Britaniya hökuməti bəzi hərbi məhsulların İsrailə ixrac icazələrini müvəqqəti olaraq dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lemmi ölkə parlamentində çıxışı zamanı bildirib.

Nazir İcmalar Palatasına hökumətin sifarişi ilə aparılan ekspert rəyinin nəticələri barədə məlumat verib: "Birləşmiş Krallıq tərəfindən İsrailə ixrac edilən bəzi silahlar ciddi pozuntuların törədilməsi və ya törədilməsinə şərait yaratmaq üçün istifadə olunma riski yaradır".

Bununla belə, o, Böyük Britaniyanın beynəlxalq hüquqa uyğun olaraq İsrailin özünümüdafiə hüququnu dəstəkləməkdə davam etdiyini bir daha vurğulayıb.

"Biz tam qadağadan danışmırıq, bu, silah embarqosu deyil", - Lemmi qeyd edib.

O, İngiltərə hökumətinin İsrailə silah ixracı üçün əvvəllər verdiyi 350 lisenziyadan yalnız 30-nun dayandırıldığını vurğulayıb: "Bu, İsraili cəzalandırmağın bir yolu deyil. Prosesin məqsədi bu deyil. Biz silah ixracı sistemimizin dünyada ən etibarlı sistemlərdən biri olaraq qalmasını təmin edirik".