İkinci Qarabağ müharibəsindən sonra azad edimiş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini bəyan etmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə həyata keçirilən layihələr qarşıya qoyulan hədəflərin reallaşması ilə yanaşı, ümumən ölkəmizin bu sahədəki mövcud potensialının dünyaya təqdimatı baxımından əhəmiyyətli olub.

Dövlət başçısının bu günlərdə Kəlbəcərə səfəri çərçivəsində açılışında iştirak etdiyi “Zar” və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni inşa edilən “Toğanalı” kiçik su elektrik stansiyaları (KSES) ölkəmizin bu sahədəki mövcud potensialının dünyaya təqdimatı baxımından mühüm əhəmiyyətə malikdir. Məlumat üçün bildirək ki, ötən üç ildə Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara verilib, bu günədək 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb.“Zar” və “Toğanalı” KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur və bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Ölkəmiz azad edilmiş ərazilərdə yeni istismara verdiyi su elektrik stansiyaları ilə bir tərəfdən iqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə iştirakını genişləndirir, digər tərəfdən atmosferə atılan karbon emissiyalarının həcminin azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqliyini sübuta yetirir.

Elmi səviyyədə aparılan aradırmalar azad edilmiş ərazilərin alternativ və bərpa olunan enerji potensialının kifayət qədər yüksək olduğnu göstərir. Bu ərazilərdə 7200 MVt-dan çox günəş, 2000 MVt-adək külək enerjisi üzrə potensial mövcuddur. Digər mühüm məqam bundan ibarətdir ki, həmin ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe həmin potenaislın səmərəli realizəsinə, istehsal olunan enerjinin səmərəli ixrac marşrutlarnın müəyyənləşdirilməsinə imkan yaradır. Yaşıl enerji istehsalı ilə yanaşı, onun ötürülməsi və ixracı üçün zəruri olan şəbəkənin yaradılması da diqqət mərkəzində saxlanılır.

Yerli su ehtiyatlarının 25 faizə qədərinin yerləşdiyi Qarabağ və Şərqi Zəngəzurun hidroenerji potensialı da yüksək dəyərləndirilir. Respublika üzrə ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatı məhz bu ərazilərdə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları mühüm su enerji potensialına malikdir. Bunların bir hissəsindən hələ sovet dövründən istifadə edilib.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi, İran İslam Respublikası ilə dövlət sərhədinin tam nəzarətə götürülməsi “Xudafərin” və “Qız qalası” hidroqovşaqları üzərində elektrik stansiyalarının inşasının başa çatdırılmasına imkan yaradıb. Bu layihələr həm işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsində, həm də suvarılmasında xüsusi rol oynayacaq.

Azad edilmiş ərazilərdə yeni elektrik stansiyalarının inşası ölkənin ümümi elektrik enerjsi istehsalında yaşıl enerjinin payının artırılması məqsədinə xidmət etməklə yanaşı, 30 illik işğal dövründə pozulmuş ekoloji tarazlığın bərpası baxımından da müstəsna əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzurun sıfır karbon emissiyalı regionlara çevrilməsi ölkəmizin enerji müstəqilliyini, yaşıl enerji ixracı potensialını gücləndirir, bu ərazilərə xarici investisiyaların cəlbinə, turizmin bütün növlərinin inkişafına zəmin yaradır.

COP29 ərəfəsində Qarabağ və Şərqi Zəngəzurda açılan ALTERNATİV enerji istehsalı müəssisələri Azərbaycanın bu sahəyə davamlı investisiyalar yatıran, iqlim dəyişikliklərinə qarşı səmərəli mübarizə aparan dövlət olduğunu bir daha təsdiq edir.

 

MTM Analitik Qrup