Qədim Azərbaycanın qürurunu itirməyən torpaqlarında yenidən bir səda yüksəlir. Bu səda, özündə bir mübarizənin, bir inancın və bir xalqın təkrar dirçəlişinin səsi kimi gəlir. Ey tarix, şahid ol! Çünki bu torpaqların üstündə yenidən bir Zəfər nəğməsi yazılır.

Bir zamanlar min dərd çəkmiş, min bir çətinliklər görmüş bu millət öz azadlıq yolunda bir qığılcım kimi parlamışdı. 1918-ci ildə Azərbaycan öz azadlığını elan edərkən, bu torpaqlar üzərində ilk dəfə milli iradə təsdiq edilmişdi. Lakin, zamanın sərt küləkləri onu qara buludlarla örtmüş, zülmətə qərq etmişdi. Artıq min bir zülmətdən sonra zühr edən işıq daha parlaq, sönməz və əbədidir.

Ey məğrur Qarabağ… Əsrlər boyu şeirlərin, dastanların beşiyi olan yurdum, sabah yeni dastanın müəllifi olacaqsan. Keçmişin izzətinə, gələcəyin işığına ithaf olunan bu dastan bir millətin Zəfər yolu, bir məmləkətin azadlıq nəğməsi, bir iradənin təntənəsi kimi yazılacaq.

Müstəqil Azərbaycan sentyabrın 1-də öz tarixində yeni bir səhifə açacaq. İşğaldan azad edilmiş torpaqlarda, həmin müqəddəs torpaqlarda, xalq öz seçimini edəcək. Bu, yalnız bir seçki deyil, bu, öz tarixinə, öz kimliyinə olan sevgi və sədaqətin ən uca ifadəsidir.

Bu müqəddəs gün, 5 milyon 200 mindən artıq vətəndaşın iradəsi, 125 deputatın seçimi ilə təsdiq olunacaq. Bu, sənin Zəfər günündür, Azərbaycan! Qəhrəmanlıq tarixində bir ulduz kimi parlayacaq bu gün min bir il keçsə də, unudulmaz.

Ey Azərbaycan, sabah sən tarixə yeni imza atacaqsan. Bu, sənin varlığının, müstəqilliyinin, əzəmətinin ən gözəl təcəssümüdür. Ey Vətən, üzərində dost baxışı, düşmən nəzəri olan haqq yolundasan. Demək ki, sonunda qələbə var, azadlıq var, əbədi müstəqillik var!

Sən varsan, ey Azərbaycan! Əbədisən!

Elnur Kələntərov