“Telegram”ın təsisçisi Pavel Durovun ətrafında baş verənlər platformanın gələcəyi və istifadəçi məlumatlarının təhlükəsizliyi ilə bağlı müəyyən suallar doğurur. “Telegram”ın digər sosial şəbəkələrlə müqayisədə məxfilik və təhlükəsizlik məsələlərində istifadəçilərə güvən yaratmış bir platforma olduğunu nəzərə aldıqda, onun təsisçisi ilə bağlı baş verənlər haqlı olaraq istifadəçi məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Məlumat üçün bildirək ki, Durov ötən həftdə Fransanda "Le Burje" hava limanında saxlanılıb və iki gün əvvəl polis nəzarəti altında azadlığa buraxılıb. Onun pasportları Paris prokurorluğu tərəfindən müsadirə olunub və məhkəmə mütəmadi olaraq müəyyən polis bölməsinə baş çəkmək şərti ilə onun Fransa ərazisində hərəkət etməsinə qərar verib. Bu isə nəhəng sosial şəbəkənin təsisçisinin azadlığının qismən məhdudlaşdırılması deməkdir. 

Bəs Pavel Durovun ətrafında baş verənlər “Telegram” və onun istifadəçiləri üçün hansı risklərə səbəb ola bilər?

“Azərbaycan İnternet Forumu”nun rəhbəri, İT mütəxəssisi Osman Gündüz bu sual ətrafında öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, əslində “Telegram”ın digər sosial resurslara nisbətən daha təhlükəsiz olması görüntüsü olsa da, gizlilik, şəffaflıq və hesabatlılıqla bağlı onda da yetərincə problemlər var.

Mütəxəssis hesab edir ki, əvvəlki qaydada bu sosial resursdan da şəxsi və ictimai maraqlar, Azərbaycanın maraqları üçün faydalanmaq doğru olardı. “Sadəcə, fərqində olmaq lazımdır ki, “Telegram” da təhlükəsiz deyil”, - O.Gündüz əlavə edib.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, böyük sosial şəbəkələr və ya korporasiyalar təsisçilərinin tutulub-tutulmaması, dünyada olub-olmamasından asılı olmayaraq idarə heyətləri ilə idarə olunurlar.

Mütəxəssis bildirib ki, onlar həmçinin beynəlxalq qanunlara, təhlükəsizlik qaydalarına və protokollara riayət edirlər: “Böyük korporasiyalarda həm xarici siyasət (standartlara və hüquq normalarına uyğunluq), həm də daxili struktur və siyasət mövcuddur. Daxili siyasət onların müəyyən xüsusiyyətləri, həlləri və yeni yanaşmaları ilə təyin oluna bilir. Amma xarici siyasətdə, yəni beynəlxalq hüquq normalarında istifadəçi hüquqları, təhlükəsizlik hüquqları və bu kimi bir çox hüquqların bərpasında beynəlxalq hüquq və standartlara riayət edirlər”.

E.Abbasov vurğulayıb ki, böyük korporasiyaların təsisçilərinin tutulması və ya vəfat etməsi ümumi idarəetmə üslubuna çox da təsir etmir: “Telegram”ın idarə üslubu onun CEO-su və idarə heyətinin birgə qərarları əsasındadır. Böyük korporasiyalar tək hegemon şəxs əsasında idarə olunmur. Hesab edirəm ki, Pavel Durovun ətrafında baş verənlər siyasi motivlər əsasındadır. “Telegram” uzun illərdir ki, eyni metodologiya ilə işləyirdi və eyni metodologiya daxilində bu platforma üzərindən bir çox kiberdələduzluq hallarına şərait yaradacaq botlar yazılırdı. Həmçinin narkotik, silah satışı, pornoqrafiya dövriyyəsi və bunun kimi bir çox proseslər “Telegram”da daha azad bir şəkildə olub. Xüsusən də “Telegram”ın təsisçisinin Azərbaycandan qayıtdıqdan sonra saxlanılması və günlər sonra polis nəzarəti altında azadlığa buraxılması hər kəsə bəllidir ki, siyasi bir oyundur”.

Ekspert hesab edir ki, təsisçi ilə bağlı baş verənlərə baxmayaraq, “Telegram” sosial şəbəkəsi bağlana bilməz: “Lakin müəyyən strategiya dəyişiklikləri edə bilərlər ki, o da gözlənilmir. Ümumiyyətlə, hələ də “Telegram” ən güvənilən platformalardan biri hesab olunur. Elə bu səbəbdən də ən kirli oyunlar, dələduzluq halları, narkotik, silah və pornoqrafiya dövriyyəsi “Telegram” üzərindən gedir. Çünki cinayətkarların belə özlərini güvənilən bir platformada gördükləri yer elə “Telegram”dır. Bunun üçün də “Telegram” hələ də etibarlılıq funksiyasını, reputasiyasını qoruyur. Məncə, uzun illər bu, dəyişməyəcək. Amma istənilən halda bütün proseslərin başlanğıc, kulminasiya və bitiş nöqtəsi var. Düşünürəm ki, “Telegram”ın bitiş nöqtəsi isə bu gün üçün deyil. Fikrimcə, anti-reklamın bir reklam olması motivindən bu məsələyə baxsaq, bu proseslərin hər biri “Telegram”ın reputasiyasını daha da artıracaq”.

Məlumata görə, cari ilin əvvəlində Azərbaycanda 9,19 milyon internet istifadəçisi olub, bu zaman internetin nüfuzu 88,0 faiz təşkil edib. Azərbaycanda bu ilin yanvarında 6,10 milyon sosial media istifadəçisi olub ki, bu da ümumi əhalinin 58,4 faizini təşkil edir. Statistik göstəricilərə əsasən, Azərbaycanda ötən ay ən çox istifadə olunan sosial şəbəkələr arasında ilk yerdə "İnstagram" qərarlaşıb. Belə ki, bu platformadan istifadə edənlərin bazar payı 38,16 faiz təşkil edib. Siyahıda 22,88 faizlə "Facebook", 14,84 faizlə "Pinterest", 11,18 faizlə "Youtube", 7,5 faizlə "X", 2,18 faizlə "Reddit" qərarlaşıb. Bununla yanaşı, siyahıda "Telegram" və "Tiktok"la bağlı statistik göstəricilər yer almayıb. Nəzərə alsaq ki, sosial şəbəkələr insanların həyatının bir hissəsinə çevrilib, o zaman platformalarla bağlı yayılan bu məlumatlar istifadəçiləri narahat etməyə bilməz. Bəs sosial şəbəkə hesablarımızın təhlükəsizliyini necə qoruyaq?

​​​​​​İKT mütəxəssisi Fərhad Mirəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu gün vətəndaşlar sosial şəbəkələrdən aktiv istifadə etdiyi üçün dələduzluq halları da əsasən elə məhz burada baş tutur.

Onun sözlərinə görə, sosial şəbəkələrdə diqqət edilməli əsas məsələ dələduzların hansı cinayətkarlıq sxemini vətəndaşlara təklif etmələridir:

“Məsələn, sosial şəbəkədə qeydiyyatdan keçərkən bizdən mobil nömrə tələb olunur. Mobil nömrəmizin və yaxud da bizim fərdi məlumatlarımız, məzmunlarımız, şəkil və videolarımız hansı vəziyyətdə saxlanılır, yəni təhlükəsizlik dedikdə bunlar nəzərdə tutulur. Amma nəzərə almaq lazımdır ki, dələduzlar təkcə sosial şəbəkələrdən deyil, həmçinin saytlardan da istifadə edərək öz çirkin əməllərini yerinə yetirməyə cəhd göstərirlər. Məsələn, mobil nömrələrin özlərinə də SMS göndərirlər ki, klikləməklə keçid et və s”.

Mütəxəssis bildirib ki, son dövrlərdə süni intellekt əsaslı alətlərdən istifadə edilməklə hazırlanan məhsul və ya reklamlar vasitəsilə müxtəlif dələduzluq hallarına rast gəlinir: “Kommunal və yaxud da cərimə ödənişlərinin hansısa bir saytlar vasitəsilə ödənilməsindən sonra 50-60% civarında ödənişin keşbek kimi geri qaytarılması, yaxud da tanınmış şəxslərin saxta görüntülərini və səslərini təqlid edərək videolar hazırlayırlar. Eyni zamanda kibercinayətkarların vətəndaşlara hansısa bir bank təşkilatlarına yatırımlar etmələri kimi də təkliflərinə rast gəlinir. Bütün bunların hamısı sosial şəbəkələrdə reklamlar və yaxud da hər hansısa bir elan saytları vasitəsilə istifadəçilərin qarşısına çıxa bilər. Məsələn, dələduzlar özlərinə məxsus olmayan avtomobillərin şəkillərini saytda yerləşdirirlər və beh tələb edirlər. Behi aldıqdan sonra isə aradan çıxırlar. Həmçinin turizm mövsümi ilə əlaqədar olaraq evlərin kirayələnməsi ilə bağlı da dələduzluq halları müşahidə olunur. Özlərinə məxsus olmayan evləri saytda yerləşdirməklə beh tələb edirlər və sonra yoxa çıxırlar. Sonradan həmin pullar da ələ keçirilmiş olur”.

F.Mirəliyev söyləyib ki, təhlükəsizlik baxımından sosail şəbəkələri klassifikasiya etsək, onlar qeydiyyat zamanı fərdi məlumatlar tələb edən və yaxud tələb etməyənlər olur: “Fərdi məlumatları tələb etdikdən sonra onu paylaşanlar və paylaşmayanlar olur. Məsələn, “Telegram” sosial şəbəkəsi qeydiyyat üçün mütləq şəkildə mobil nömrə tələb edir. Mobil nömrə tələb edirsə, deməli, sizin məlumatlarınızı bir növ ələ keçirmiş olur. Lakin “Telegram” digər sosial şəbəkələrdən fərqli olaraq müxtəlif ölkələrin bir çox dövlət qurumları ilə əməkdaşlıq etmir. Buna görə də bəzi qruplaşmalar üçün bu gün “Telegram” daha cəlbedici görsənir. Amma bu, nisbidir. Sadəcə məsələ odur ki, həmin məlumatlar bu gün paylaşılmır. Sabah “Telegram”da istifadəçilərin məlumatlarının paylaşılması ilə bağlı qərar verilsə, bu, artıq vəziyyəti dəyişəcək. Amma elə şəbəkələr var ki, orada heç istəsələr belə, istifadəçinin şəxsi məlumatlarını əldə edə bilmirlər. İstifadəçi oraya nə ad-soyad, nə mobil nömrə, nə ünvan, nə də şəxsiyyət vəsiqəsinin nömrəsini yazır. Bu tip platformalarda fərdi məlumatlar toplanılmadığından onlar daha təhlükəsiz hesab edilə bilər”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.

Sadiq Cavadov