İşdən çıxarılan əməkdaşı “MKT İstehsalat Kommersiya”ni məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinə müraciət daxil olub.

Belə ki, Paşayev Ceyhun Vahid oğlu məhkəməyə ərizə ilə müraciət edərək “MKT İstehsalat Kommersiya”dan haqsız yerə işdən çıxarıldığını bildirib.

O, şirkətə qarşı qaldırdığı iddiada işə bərpa olunması və işdən çıxarıldığı müddət üçün əmək haqqı tələbini irəli sürüb.

Onun iddiası hakim Aytən Novruzovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC 25 ildən artıq qeyri-neft sektoru sahəsində fəaliyyət göstərir.

Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

“MKT İstehsalat Kommersiya” xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

“MKT İstehsalat Kommersiya” MMC-nin Bakı şəhəri və Mingəçevir şəhəri ərazisində xam pambıq mahlıcından müxtəlif növ ipliklər istehsal edən "Bakı Tekstil Filialı" və "Mingəçevir Tekstil Parkı", Şirvan şəhərində çiyiddən pambıq yağı istehsal edən "Şirvan Yağ Emalı Zavodu" fəaliyyət göstərməkdədir.