Bu ilin iyul ayında ümumilikdə vergi orqanlarına 42 018 müraciət daxil olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 % azdır.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Müraciətlərdən 96 %-ni ərizələr, 3,9 %-ni şikayətlər, 0,1 %-ni isə müxtəlif təkliflər təşkil edib.

Daxil olmuş müraciətlərdən 92,1 %-nin baxılması hesabat ayı ərzində başa çatdırılıb, 7,9 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 59,7 %-i həll edilib, 39 %-i barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul olunub.

Müraciətlərin tərkibində faktiki şikayətlərin sayı 1 402 olub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 % azalıb.

Həll edilmiş şikayətlərin 70,8 %-i kameral vergi yoxlaması, 4 %-i vergi borcu, 3,8 %-i sosial sığorta ödənişləri, 2,2 %-i vergi ödəyicisinin qeydiyyatı, 1,4 %-i maliyyə sanksiyalarının silinməsi, 1,2 %-i artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, 1 %-i şəxsi hesab vərəqələri, 15,6 %-i isə digər məsələlər ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 69, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.