Polşalı milyarder Rafal Brzoska və onun həyat yoldaşı jurnalist Omena Mensa sosial şəbəkələrdə onlar barəsində saxta paylaşım yerləşdirdiyinə görə Amerikanın “Meta” şirkətini məhkəməyə verəcəklər.

İqtisadiyyat.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, “Meta” platformalarında Mensanın Brzoska tərəfindən sui-istifadə edildiyi iddia edilən fotoşəkilləri olan sponsorlu yazılar paylaşılıb.

Milyarder bildirib ki, əgər şirkət bu nöqsanları aradan qaldırmazsa, o, həyat yoldaşı ilə birgə “Meta”ya qarşı hüquqi tədbirləri nəzərdən keçirir. Brzoska şirkətdən külli miqdarda təzminat tələb etmək və əldə etdiyi pulu xeyriyyəçiliyə bağışlamaq niyyətindədir.

Brzoska Avropanın ən böyük özəl poçt operatorlarından biri olan “InPost”un təsisçisi və baş direktorudur. “Forbes” jurnalı onun sərvətini 1 milyard dollar qiymətləndirir.

 

Sadiq Cavadov