Azərbaycanın İrlandiyada akkreditə olunmuş səfiri Elin Süleymanov etimadnaməsini İrlandiya Prezidenti Maykl Higginsə təqdim edib.

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, həmin gün İspaniya Krallığının və Kot-d’İvuar Respublikasının İrlandiyadakı səfirləri də etimadnamələrini Prezidentə təqdim ediblər. Protokola uyğun olaraq səfirlər xüsusi avtomobil və motosiklet müşayiəti ilə Prezident iqamətgahına gətiriliblər.

Görüşün əvvəlində səfir, Prezident İlham Əliyevin salamlarını və dost İrlandiya xalqına ən xoş arzularını Prezident Maykl Higginsə çatdırıb.

E.Süleymanov ölkə başçısı tərəfindən Azərbaycanın İrlandiyada səfiri təyin olunmasından və Azərbaycanı təmsil etməsindən şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində münasibətlərin daha da dərinləşməsinə və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Prezident Maykl Higgins Prezident İlham Əliyevə təşəkkür edərək, onun da salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə və xalqına çatdırmağını xahiş edib. O, həmçinin səfir Elin Süleymanova fəaliyyətində uğurlar arzu edib. Söhbət əsnasında, Prezident Maykl Higgins son illər ərzində Azərbaycanla İrlandiya arasında münasibətlərin daha da genişləndirilməsinə və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına ümidlərini ifadə edib.

Qəbulun sonunda İrlandiya Prezidentinin iqamətgahında rəsmi orkestr Azərbaycan Dövlət Himnini səsləndirib.

Səfər çərçivəsində səfirlik nümayəndələri İrlandiya Xarici İşlər Nazirliyində, parlamentdə və digər qurumlarda görüşlər keçirib. Eyni zamanda, İrlandayada yaşayan bəzi Azərbaycan icma üzvləri ilə görüşlər keçirilib.

Qeyd edək ki, Azərbaycanın Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi eyni zamanda, Azərbaycan Respublikasının Danimarka Krallığı, İslandiya Respublikası və İrlandiyada akkreditə olunub.