"Regional gərginlik artarsa, Tehran dünyanın ən mühüm enerji nəqli marşrutu olan Hörmüz boğazından gəmilərin keçidini əngəlləyə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri TASS-a müsahibəsində iranlı politoloq və beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis, professor Mehdi Seyf Təbrizi deyib.

"Hərbi və strateji məqsədləri güdən İran Hörmüz boğazını bağlaya bilər ki, bu da onun enerji ixrac imkanlarına ciddi təsir göstərir, çünki boğazın neft tankerləri və konteyner gəmiləri üçün əlçatan olan dərin su hissəsi İslam Respublikasının ərazi sularında yerləşir. İran hərbi potensialına güvənərək, müharibə dövründə gəmiçiliyi tənzimləyən qanunlar əsasında düşmən gəmilərinə keçiddən istifadəni dayandıra və hətta boğazda bütün beynəlxalq ticarəti bağlaya bilər", - ekspert bildirib.

"Eyni zamanda, hazırkı dünya düzənində Tehran hələ də mübahisələrin beynəlxalq danışıqlar yolu ilə həllinə və uğursuzluq halında düşmən dövlətlərə qarşı müvafiq tədbirlərin görülməsinə əsaslanan yanaşmaya sadiq qalır", - Seyf Təbrizi qeyd edir.

Analitikin fikrincə, Hörmüz boğazının bağlanması mütləq qlobal iqtisadiyyat üçün mənfi nəticələrə səbəb olacaq və İran beynəlxalq ictimaiyyəti özündən uzaqlaşdırmaq istəmir.

Politoloq vurğulayıb ki, boğazda gəmiçiliyin qarşısını almaq hüququ həmişə Tehranın əlindədir və bu ehtimal istisna edilməməlidir: "İran bir gün bu addıma əl atsa, tələblərinin yerinə yetirilməsinə tez nail olmaq üçün bunu qısa müddətə həyata keçirəcək".