Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 milyard 438,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çox investisiya yönəldilib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyalar 0,4 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 2,9 % artıb.

İstifadə olunmuş investisiyanın 4 milyard 914,8 milyon manatı və yaxud 52,1 %-i məhsul istehsalı sahələrinə, 3 milyard 404,4 milyon manatı və yaxud 36,1 %-i xidmət sahələrinə, 1 milyard 119,5 milyon manatı və yaxud 11,8 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 7 milyard 728,6 milyon manatını və yaxud 81,9 %-ni daxili investisiyalar təşkil edib, 6 milyard 632,7 milyon manatı və yaxud 70,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.