Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Ordubad şəhərində yerləşən Mədrəsə binasının və Sərşəhər məscidinin bərpa və konservasiyası üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə satınalma elan olunub.

İqtisadiyyat.az xəbər verir ki, ümumilikdə 570 kv.metrlik ərazidə gücləndirmə, rekonstruksiya və bərpa işləri aparılacaq. Demək yaxında keçmişdən gələcəyə doğru körpü salan bu abidələr ümummilli lider Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubadın görkəminə xüsusi rövnəq qatacaq.

Qeyd edək ki, Azərbaycanın Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə Ordubad mədrəsəsi ölkə əhəmiyyətli, Sərşəhər məscidi isə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Zəmanəsinin ən məşhur təhsil ocaqlarından olan mədrəsə erkən memarlıq xüsusiyyətlərinin qorunması baxımından unikal binalardan sayılır. Məscidlərlə zənginliyi baxımdan nəinki Naxçıvanda, bütövlükdə Azərbaycanda ilk yerlərdən birini tutan Ordubad şəhərinin möhtəşəm dini abidələrindən biri də Sərşəhər məscididir. Sərşəhər məhəlləsinin mərkəzində yerləşən və “şəhərin başı” mənasını verən məscid tağları ilə məşhur meydanı, mehrabı, sütunları, şəbəkələri ilə maraqlı kolorit təşkil edir.

Hazırda müasirliyi və tarixi özündə həmahəng əks etdirən ulu Naxçıvanda tarix-mədəniyyət abidələrinin bərpa və konservasiyası xüsusi diqqət mərkəzindədir. Bu proses “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın icrası çərçivəsində uğurla həyata keçirilir.