Qlobal neft hasilatı iyul ayında gündəlik təxminən 230 min barel artaraq 103 milyon 430 min barelə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Hesabata görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı iyul ayında gündəlik 250 min barel artaraq 27 milyon 340 min barelə çatıb.

OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə gündəlik 50 min barel azalaraq 70 milyon 470 min barelə enib.

Qlobal neft tədarükünün artmasına OPEC və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrin, xüsusilə də "OPEC+" qrupunun hasilatı təsir edib. Bu hasilat "OPEC+" qrupuna daxil olmayan istehsalçıların itkilərini artıqlaması ilə kompensasiya edib.

Digər tərəfdən, ötən illə müqayisədə bu il gündəlik 1 milyon 800 min bareldən çox olan qlobal neft tədarükünün artımının demək olar ki, yarısı ABŞ istehsalı olub. Hesabata görə, bu il qlobal neft tədarükünün gündəlik 730 min barel artaraq rekord səviyyəyə - 102 milyon 900 min barelə çatacağı gözlənilir.

Gələn il qlobal neft tədarükünün bu illə müqayisədə gündəlik 1 milyon 900 min barel artacağı və təxminən 105 milyon barelə çatacağı təxmin edilir.

Hesabata görə, bu il qlobal neft tələbatının gündəlik 970 min barel artaraq təxminən 103 milyon 60 min barelə çatacağı proqnozlaşdırılır. Gələn il qlobal neft tələbinin bu illə müqayisədə gündəlik 953 min barel artaraq təxminən 104 milyon 13 min barelə çatacağı təxmin edilir.

 

Gözəl Həşimova