“Azərbaycan və İran hökumətləri arasında yeni kommunikasiya əlaqələrinin yaradılması barədə sazişin imzalanması böyük siyasi, iqtisadi, logistik əhəmiyyətə malik tarixi hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə apardığı çevik xarici siyasət, diplomatik manevrlər bölgədə davamlı və möhkəm sülhün yaranmasına, yeni və faydalı əməkdaşlıq imkanlarının reallaşmasına yönəlik nəticələr verməkdədir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “3+3” formatında əməkdaşlıq platforması bölgədə yeni siyasi-iqtisadi mənzərə yaradan uğurlu layihədir: “Bu layihənin reallaşması üçün bölgə dövlətləri arasında qarşılıqlı etimada və etibara əsaslanan ikitərəfli və çoxtərəfli sazişlərin, müqavilələrin imzalanmasının böyük əhəmiyyəti var.

2021-ci ilin iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları tarixi Şuşa Bəyannaməsinin və bu ilin fevralında Azərbaycan və Rusiya arasında Moskvada bağlanmış müttəfiqlik müqaviləsinin ardınca bu ilin martın 11-də Bakıda Azərbaycan və İran hökumətləri arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması haqqında sazişin imzalanması bölgə həyatına yeni perspektivlər vəd etməkdədir.

Əlbəttə, Prezident İlham Əliyevin ideyası olan Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirən logistik layihə deyil, Türk dünyası arasında 102 il əvvəl pozulmuş coğrafi bağlantının, eləcə də, pozulmuş tarixi ədalətin bərpası kimi böyük missiyanın reallaşması olacaq”.

Komitə sədri qeyd edib ki, Ermənistanın destruktiv siyasi mövqeyi Zəngilan-Mehri-Ordubad yolunun və kommunikasiya xəttinin açılmasını artıq il yarımdır ki, ləngidir:

“Əslində, Ermənistan öz aləmində Zəngəzur dəhlizi kartından Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Lakin bu uğursuz ölkədə unudurlar ki, kommunikasiyaların açılması məsələsi Ermənistanın kapitulyasiya aktı kimi imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb və Ermənistan göyə də çıxsa, yerə də girsə bu layihə gec-tez reallaşacaq.

Prezident İlham Əliyevin söylədiyi kimi, yaxşı olar ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəsinə düşən vəzifələri könüllü surətdə yerinə yetirsin, əks halda biz Ermənistanı buna məcbur edəcəyik. İstənilən halda, Azərbaycan dövləti böyük siyasi iradə nümayiş etdirərək, kommunikasiya dəhlizlərinin yaranmasında aparıcı rolunu ortaya qoydu və yenə də Ermənistanın iqtisadi gərəksiz, logistik dalana düşmüş bir durumu göz önündədir.

Əgər Ermənistan indiyədək bir Zəngəzur dəhlizini açmaq istəmirdisə, indi iki Zəngəzur dəhlizi - Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvanla birləşdirən Cənub Zəngəzur Dəhlizi və yaxın vaxtlarda mütləq reallaşacaq Zəngilan-Mehri-Ordubad istiqamətini nəzərdə tutan Şimal Zəngəzur Dəhlizi reallığı ilə barışmaq məcburiyyətindədir.