Dünyanın ən böyük fərdi kompüter istehsalçısı hesab edilən Çinin “Lenovo Group Ltd” şirkəti birinci maliyyə rübündə xalis mənfəət və gəlirini artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilib.

Məlumata görə, bu ilin aprel-iyun aylarında “Lenova”nın xalis mənfəəti illik müqayisədə 38% artaraq 243 milyon dollar və ya hər bir səhm üçün 1,99 dollar təşkil edib. Eyni zamanda şirkətin gəliri 20% artaraq 15,45 milyard dollara çatıb.

Komputer və smartfonların daxil olduğu, elcə də şirkətin əsas gəlir mənbəyi olan qurğular biznesi illik müqayisədə 11% artaraq 11,42 milyard dollara çatıb.

Qlobal bazardakı çətinliklərə baxmayaraq “Lenovo” 23% bazar payı ilə qlobal fərdi kompüter bazarında liderliyini qoruyub. Bundan əlavə, ötən rübdə digər seqmentlərin ümumi gəlirdə payı rekord həddə - 47%-ə çatıb.

“Lenovo” səhmləri cümə axşamı Honq-Konq ticarətində 1% ucuzlaşıb. Şirkətin bazar dəyəri bu ilin əvvəlindən 8,2% azalıb.

 

Sadiq Cavadov