Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 20 sahibkarlıq subyektinə rezident statusu verilib.

İqtisadiyyat.az agentliyə istinadən xəbər verir ki, bunun 10-u Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 1-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Həmin rezidentlərin sənaye zonalarına ümumilikdə 118 milyon manatdan çox investisiya yatırması, 1 000-dən artıq daimi iş yeri yaratması nəzərdə tutulur.

Rezidentlər sənaye zonalarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, mikronlaşdırılmış və örtülmüş kalsitin, əhəng və perlitin, tamet daşlarının, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin, ortopedik matras və yumşaq mebellərin, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.

İndiyə qədər sənaye zonalarında investisiya dəyəri 7,8 milyard manatdan artıq olan 150 sahibkarlıq subyektinə rezident statusu verilib.