Ötən gün Xarkov şəhərinin 5 kilometrliyində yerləşən Çerkaskiye Tişki kəndinə düşən mərminin partlaması nəticəsində ölən azərbaycanlılarla bağlı rəsmi məlumat yayılıb.

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan verilən məlumata görə, əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qayınanası dünyasını dəyişib:

“Onların iki azyaşlı övladları sağ qalıb. Uşaqlar hazırda qohumlarının himayəsi altındadır”.

Bildirilib ki, Ukraynanın Xarkov şəhərində vəziyyət ağır olaraq qalmaqdadır:

“Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədi ilə fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyə edilib. Çerkaskiye Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu daimi əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir”.

***13:24

Dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.

Bunu Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.

O bildirib ki, Xarkovda restoran sahibi olan Emin adlı şəxs, onun xanımı və iki övladı həlak olub.

“Hazırda onların evi olan ərazi rusların nəzarətindədir. Ona görə də meyitlərin ərazidən çıxarılmasında problem yaranıb. Xarkovda yaşayan azərbaycanlılar bu məsələ ilə məşğuldur”, - Mahmud Qurbanov vurğulayıb.