ABŞ dövlət katibi Entoni Blinken Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Taniyə zəng edərək Qəzza zolağında hərbi münaqişənin həlli üçün İsrail və Fələstinin HƏMAS hərəkatı arasında vasitəçilik səylərini müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət zamanı tərəflər Fələstin-İsrail münaqişəsi zonasında baş verən son hadisələri nəzərdən keçirib, həmçinin atəşkəs razılaşmasına nail olmaq üçün vasitəçilik səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bundan əlavə, ABŞ dövlət katibi və Qətərin Baş naziri iki ölkə arasında sıx strateji əlaqələri müzakirə ediblər.

Qəzzada atəşkəsə dair danışıqların yeni mərhələsinin avqustun 15-də Dohada keçiriləcəyi gözlənilir. Danışıqlarda İsrail nümayəndə heyətinə Mossad direktoru David Barnea rəhbərlik edəcək. Rəsmi səviyyədə HƏMAS hərəkatı məsləhətləşmələrdə iştirakdan açıq şəkildə imtina etməyib, lakin avqustun 11-də vasitəçiləri Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsi üçün konkret plan təqdim etməyə və İsraili onu yerinə yetirməyə məcbur etməyə çağırıb.

"Axios" mənbəsinin verdiyi məlumata görə, İsrail və HƏMAS arasında danışıqlar prosesində ABŞ-ni Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns təmsil edəcək. Nəşr qeyd edir ki, onun Dohada Qətərin Baş naziri, Mossad direktoru və Misir kəşfiyyatın rəhbəri ilə görüşü planlaşdırılır.