Müasir şəraitdə ölkəmizdə həyata keçirilən əsas iqtisadi siyasət kimi regionların inkişaf strategiyası və mexanizmləri ön planda saxlanılır. İqtisadiyyatın hərtərəfli inkişafında, düzgün idarəetmənin həyata keçirilməsində regionlarda  bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm əhəmiyyəti vardır. Ayrı-ayrı bölgələrin iqtisadi artımının təmin edilməsi ümumi inkişafa təsir göstərdiyi üçün əsas prioritet kimi dövlətin diqqət mərkəzində saxlanılır və getdikcə daha da aktuallıq kəsb edir. Regionları inkişaf etdirmək isə onlar arasında olan bərabərsizlikləri aradan qaldırmaqla mümkündür. Dünya təcrübəsinə uyğun olaraq ölkəmizdə də bu istiqamətdə əsaslı dövlət proqramları qəbul edilib və icra olunmaqdadır. Proqramlarda ölkəmizdə qeyri-neft sektorunun, turizmin, kənd təsərrüfatının və sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə həyata keçirilməsi zəruri olan tədbirlər öz əksini tapır. Bütün bunlar isə ölkə iqtisadiyyatının gücləndirilməsinə, dövlətin dayanıqlı inkişafına və xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına hesablanır. Regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da müxtəlif proqramlar qəbul edilib və icrası həyata keçirilməkdədir.

Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və marketinq” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Eltun İbrahimov İqtisadiyyat.az-a açıqlamasında muxtar respublikada sosial-iqtisadi inkişaf baxımından görülən işlərdən söz açıb.

O bildirib ki, fərqli sahələr üçün nəzərdə tutulan bu proqramlar regionda sahibkarlığın və istehsalın stimullaşdırılması yönündə yeni bir dövr başladıb, ərzaq təhlükəsizliyi təmin olunub, ayrı-ayrı sahələr üzrə əhəmiyyətli nəticələr əldə edilib: “Ümumi sosial-iqtisadi inkişafla bağlı müəyyən illəri əhatə edən əsas layihələr isə Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər), 2009-2013, 2014-2018 və 2019-2023-cü illəri əhatə edən sosial-iqtisadi inkişaf üzrə dövlət proqramları olub. Hazırda muxtar respublikanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı icra olunmaqdadır”.

Ərzaq təhlükəsizliyinin bütün ölkələrdə əsas prioritet məsələlərdən biri olduğunu vurğulayan mütəxəssis söyləyib ki, Azərbaycanda da bu istiqamətdə davamlı olaraq işlər görülməkdədir. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən bütün dövlət proqramlarında bu məsələ xüsusi diqqətdə saxlanılır: “Bu proqramların qəbulundan keçən illər ərzində ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı kənd təsərrüfatının inkişaf etdirilməsi mühüm amillərdən biri kimi qəbul edilməkdədir. Keçən dövrlər ərzində aqrar sektorun əsas sahələri olan heyvandarlıq və bitkiçilikdə yüksək inkişafa nail olunub, regionların ərzaq məhsulları ilə təminat səviyyəsi xeyli yaxşılaşıb. Muxtar respublikanın sosial-iqtisadi inkişafı üzrə müxtəlif illərə aid olan dövlət proqramları, tərəvəzçiliyin və meyvəçiliyin inkişafı layihələri, Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı yeni istehsal sahələrinin yaradılmasına xeyli stimul verib”.

E.İbrahimov qeyd edib ki, aqrar sektor muxtar respublikada ərzaq təhlükəsizliyinin bərqərar olunmasının başlıca sahəsidir: “Lakin muxtar respublikada coğrafi relyefin mürəkkəb və iqlimin kəskin kontinental olması burada kənd təsərrüfatının inkişaf etdirilməsinin qarşısında böyük problemlər yaradır. Həm yayda, həm də qışda əkilib becərilən meyvə və tərəvəz məhsullarının saxlanması xeyli diqqət tələb edir. Buna görə də istənilən mövsümdə istehlak tələbini yerli istehsalın hesabına ödəmək məqsədilə soyuducu anbarların, istixana obyektlərinin və sınaq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir. 2024-cü ilin birinci yarısına nəzər salanda isə görmək olur ki, muxtar respublikada 132 milyon 165 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bunun da 42 milyon 748 min 900 manatı bitkiçilik sahəsi üzrə, 89 milyon 416 min 600 manatı isə heyvandarlıq sahəsi üzrə olub. Ancaq istehsal edilən kənd təsərrüfatı məhsulu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az olub”.

İqtisadçı vurğulayıb ki, muxtar respublikada ərzaq təhlükəsizliyin təmin edilməsi və buna müvafiq digər sahələr istiqamətində yaxşı hüquqi baza, əhəmiyyətli proqramlar və layihələr hazırlanıb. Onların ən mühümlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

  1. Naxçıvan Muxtar Respublikasının sosial - iqtisadi inkişaf Dövlət Proqramları (200-2008-ci illər, 2009-2013-cü illər, 2014-2018-ci illər, 2019-2023-cü illər)

  2. Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər)

  3. Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı (2012-2015-ci illər, 2016-2020-ci illər, 2021-2025-ci illər)

  4. “Kənd təsərrüfatı” ilinin elan olunması (2015)

  5. Aqrar Sığorta Fondunun yaradılması (2020)

  6. Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər proqramı (2017) və s.

  7. “Ailə Təsərrüfatları” ilinin elan olunması (2019)

  8. Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010)

İqtisadçı bildirib ki, bütün qəbul edilən proqramlar və görülən işlərdə əsas məqsəd muxtar respublikada qida təhlükəsizliyi baxımından etibarlı mühit formalaşdırmaqdır: “Aqrar sahənin heyvandarlıq və bitkiçilik istiqamətləri üzrə statistik məlumatları göstərir ki, müxtəlif sahələr istehsal artıb. Statistik göstəricilərə baxdıqda kənd təsərrüfatı üzrə istehsalın və məhsuldarlığın artan xətt üzrə davam etdiyini müşahidə etmək mümkündür. Bütün bunlar dövlət tərəfindən sahibkarlar və fermerlər üçün yaradılan şəraitin nəticəsidir. Eyni zamanda, Naxçıvanda özəl sektora dəstək, bu sahənin inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Təkcə bu ilin altı ayında sahibkarlara 46 lisenziya verilib. Bu həm də büdcənin inkişafı deməkdir.

İqtisadçı xatırladıb ki, hazırda muxtar respublikada 6 bankın 13 filialı, 1 banka məxsus 6 bank şöbəsi, 3 bank olmayan kredit təşkilatı və 1 kredit ittifaqı fəaliyyət göstərir. Onun sözlərinə görə,  bu gün muxtar respublikada kənd təsərrüfatı sahəsinə ən aşağı faizlərlə kreditlər təklif olunur: “Bilirsiniz ki, ölkəmizdə kiçik və və orta biznesin inkişafının təşviq edilməsi ilə bağlı islahatlar aparılır. Bununla da sahibkarlıq subyektlərinin maliyə mənbələrinə çıxış imkanları daha da genişləndirilir. Bundan əlavə, rayonlarda bank filialları yaratmaq və xidmət sahələrini müasirləşdirməklə təsərrüfat subyektlərinin fəaliyyətini asanlaşdırmaq işləri daim diqqətdə saxlanılır ki, bu da iqtisadi fəaliyyətin stimullaşdırılmasına öz töhvəsini verməkdədir. Bilirsiniz ki, muxtar respublikada Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında və işgüzarlığın artırılmasında mühüm əhəmiyyət kəsb edir. Fondun prioritet istiqamətləri mövcuddur ki, bu da özəl sektorunun inkişafı ilə bağlıdır. Bu prioritet istiqamətlər kənd təsərrüfatı, turizm, nəqliyyat-logistika, yaşıl enerji, sənaye, emal sənayesi və real sektorun digər sahələrini əhatə edir. Bu sahələr üzrə layihələri olan sahibkarlar Fondun güzəştli kreditlərindən istifadə etmək üçün müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.

Sadiq Cavadov