Azərbaycanda ölkəyə gətirilən siqaretlərin akzis dərəcəsi artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb. Hökumətin bu qərarı bu gün dərc olunub və bir ay sonra qüvvəyə minəcək.

Bəs aksiz dərəcəsinin artırılması siqaretlərin qiymətinə necə təsir edəcək?

İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında aksiz dərəcəsinin vergi növü olduğunu və vergilər artan kimi siqaretin də qiymətində artımın müşahidə olunacağını söyləyib.

Bunun ilk belə qərar olmadığını deyən ekspert son illərdə aksiz vergilərin bir neçə dəfə artırıldığını xatırladıb. N.Cəfərlinin sözlərinə görə, siqaretlər bahalaşacağı təqdirdə, qaçaqmal hallarının sayı da arta bilər: "Əgər Azərbaycanda siqaretin qiyməti həddindən artıq yüksək olacaqsa, o zaman qonşu ölkələrdən - daha ucuz siqaret satılan ölkələrdən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretin həcmində artım ola bilər".

İqtisadçı ekspert Eldəniz Əmirov isə İqtisadiyyat.az-a açıqlamasında öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, siqarillanın 1000 ədədində cəmi 2,5 manatlıq artım olub ki, burada bir ədədə düşən qiymət 0,25 qəpik edir. Ekspert bildirib ki, 20 ədədlik bir siqaret qutusunun qiymətində isə maksimum 5 qəpik artım ola bilər. İqtisadçı hesab edir ki, bu isə mövcud qiymətlərdə o qədər də öz əksini tapmayacaq.

 

Sadiq Cavadov