Süveyş kanalının istismarından əldə olunan gəlirlər ötən il ərzində 20%-dən çox azalaraq 7 milyard dolları bir qədər keçib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Süveyş kanalının rəhbəri Üsamə Rabia “Əl-Məsri əl-Youm” xəbər portalına bildirib.

"2023-2024-cü maliyyə ili üçün (30 iyunda bitən) kanalın gəlirləri 23% azalıb. Son bir ildə Süveyş kanalının gəlirləri 7,2 milyard dollara düşüb", - o deyib.

İyulun əvvəlində Misir Mərkəzi Bankı Süveyş kanalının gəlirlərinin ötən ilin eyni dövründəki 6,2 milyard dollarla müqayisədə maliyyə ilinin ilk doqquz ayında (2023-cü ilin iyulundan 2024-cü ilin martına qədər) 5,8 milyard dollara düşdüyünü göstərən məlumatlar təqdim edib. Əsas səbəb kimi Qırmızı dənizdəki gərginlik və gəmi sahiblərinin Süveyş kanalından istifadə etmədən gəmilərini Afrika qitəsi ətrafından hərəkət etdirmə qərarları göstərilib.

Misirin ötən il (2022-2023) Süveyş kanalının istismarından əldə etdiyi gəlirlər 10 milyard dolları ötüb. Lakin 2023-cü ilin payızından Qırmızı dənizdə baş verən hadisələrə görə Misir kanaldan istifadədən qazancını itirir. Belə ki, fevralın 19-da Misir prezidenti Əbdülfəttah əs-Sisi Süveyş kanalının rentabelliyinin ən azı 40-50% azaldığını bildirib.

Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Yəmənin Ənsar Allah hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən il noyabrın ortalarından bəri Husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər. 

 

Sadiq Cavadov