Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Dayanıqlı İnkişaf Məqsədlərinin icrası müzakirə edilib.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir müavini Sahib Məmmədov BMT-nin İnkişafın Koordinasiyası Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Sonunla görüş keçirib. Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin ölkə səviyyəsində icrası, ərzaq təhlükəsizliyi, insan kapitalı, gender bərabərliyi və ətraf mühitin dayanıqlılığı istiqamətində BMT-ilə aparılan səmərəli tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan başqa, iyulda BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində təqdim edilən ölkəmizin sayca 4-cü Könüllü Milli Hesabatının hazırlanmasında BMT-nin Ölkə üzrə Ofisinin dəstəyi, “2021-2025-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasında, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cü sessiyasında (COP29) əməkdaşlığı qeyd edilib.