Azərbaycanda payızlıq taxıl sahələrinin böyük qismində artıq biçin prosesi yekunlaşıb. Belə ki, rəsmi məlumata görə, sahələrdən ümumilikdə 2 795 112 ton məhsul yığılıb. Əsas taxıl tipli bitkilərdən arpa üzrə orta məhsuldarlıq 29,3 sentner, buğda üzrə isə 32 sentner təşkil edir. 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, məhsul yığımı ilə bağlı göstəriciyə əsasən taxıl bitkilərindən buğda və arpa daxildir.

Ekspert arpa istehsalının yekunlaşdığını, buğda istehsalının isə hələ davam etdiyini xatırladıb. O, ümumilikdə məhsuldarlığın keçən ilə nisbətən 0,6% azaldığını bildirib. Mütəxəssisin sözlərinə görə, bu da onu deməyə əsas verir ki, bu il buğda daha baha başa gələcək: "Dövlət Taxıl Fondunun ötən illə müqayisədə aşağı qiymət təyin etməsinə baxmayarq, mənimlə əlaqə saxlayan fermerlər, kəndlilər qiymətdən narazılıqlarını bildirirlər və ümumiyyətlə, bu il məhsuldarlığın aşağı olduğunu xüsusi vurğulayırlar. Keçən ay Nyu-York birjasında buğdanın qiyməti 16% aşağı düşüb. Ümumiyyətlə, dünya bazarında taxıl məhsullarının qiymətinin aşağı olduğunu görürük. Bu, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında da öz təsdiqini tapıb. Qiymətlərin azalması mövsümlə bağlıdır. Bununla yanaşı, əvvəlki ilə nisbətən bu il dünyada buğdanın bolluğu gözlənilir". 

V.Məhərrəmov qeyd edib ki, Azərbaycanın əsas idxalçısı olduğu Rusiyada taxıl istehsalının 12 milyon ton azalacağı ilə bağlı proqnozlar irəli sürülür: "Həmçinin Ukraynanın kənd təsərrüfatı naziri vəzifəsini icra edən şəxs də ölkədə məhsuldarlığın 5-6% aşağı düşəcəyi ilə bağlı açıqlamalar verib. Proqnozlar özünü doğruldarsa, sözügedən ölkələrdə taxıl məhsullarının qiymətində artım qaçılmaz olacaq. Azərbaycan gedib Kanadadan, Fransadan buğda idxal etməyəcək. Rusiya daha yaxın məsafədə olduğu üçün oradan idxal edəcək. Çünki Rusiyadan daşınma xərci nisbətən ucuz başa gəlir. Biz Qazaxıstandan da idxal edə bilərik. Amma Qazaxıstanda buğdanın keyfiyyəti yüksək olduğu üçün Rusiya buğdasından fərqli olaraq daha yüksək qiymətə təklif edilir". 

Qeyd edək ki, Azərbaycandakı payızlıq taxıl sahələrinin 90 %-də biçin prosesi başa çatıb. 907 845 hektar sahədə biçin aparılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir. Ölkə üzrə arpa əkini sahələrinin 96,9 %-də, buğda sahələrinin 84,5 %-də biçin başa çatıb. 2024-cü il taxıl biçini mövsümündə taxıl üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb. Rayonda buğda üzrə orta məhsuldarlıq 55 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 47 sent/ha təşkil edib.

Sadiq Cavadov