"Naxçıvan Muxtar Respublikasında istehsal edilən çox sayda məhsul ixrac baxımından perspektivli hesab olunur".

İqtisadiyyat.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Onun sözlərinə görə, məhsul ixracı marketinq və reklam işinin təşkili ilə birbaşa əlaqəli olduğundan sərgilərdə, biznes forumlarda iştirak, reklam kampaniyalarının təşkili, təbliğat işləri xüsusi əhəmiyyət kəsb edir: "2024-cü ilin 6 ayı ərzində Naxçıvan şirkətlərinin xarici ölkələrdə 7-si sərgi olmaqla, 8 beynəlxalq tədbirdə iştirakı təmin edilib. Cari ilin 6 ayı ərzində muxtar respublikadan istehsal olunan məhsullar Türkiyə, İran, Gürcüstan, Rusiya, Yəmən, Qırğızıstan, İraq, BƏƏ və digər ölkələrə ixrac olunmuş, ixrac olunan məhsullara 166 mənşə sertifikatı verilib. 2024-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarların maarifləndirilməsi, ixrac potensialının artırılması, nümunəvi investisiya layihələrin təqdim olunması və güzəştli kreditlərin verilməsi ilə bağlı 9 tədbir keçirilib".