2024-cü ilin birinci yarısında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2,168 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,15% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

İdarənin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 10,4% azalaraq 556,592 milyon dollar, Rusiya Federasiyasından mal idxalı isə 1,611 milyard dollar (artım 4,4%) təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin birinci yarısında Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub. Bu dövrdə Rusiya Federasiyası ilə ticarət əməliyyatları respublikanın xarici ticarət dövriyyəsinin 9,96%-ni təşkil edib.

2023-cü ilin sonunda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 17,5 faiz artaraq 4 milyard 358 milyon dollara çatıb. 

 

Sadiq Cavadov