Buğda taxıl sahələrinə və ümumi istehsal həcminə görə dünyada ikinci ən böyük taxıl növüdür. Buğdanın qlobal istehsalının həcmi 2023-2024 maliyyə ilində demək olar ki, 785 milyon tona çatıb.
İqtisadiyyat.az-ın apardığı araşdırmaya görə, bu, əvvəlki maliyyə ili ilə müqayisədə təxminən dörd milyon ton azalma deməkdir.
Belə ki, dünyada ən çox buğda istehsal edən ölkə Çindir. Araşdırmalara görə, 2023/2024 maliyyə ilində Çin 136,6 milyon tondan çox istehsal həcmi ilə lider olub.
Avropa İttifaqı buğda istehsalına görə ikinci yerdə qərarlaşıb. 2032-ci ilə qədər regionun 137,5 milyon tondan çox buğda istehsal edəcəyi proqnozlaşdırılır ki, bu da dünya buğda istehsalının təxminən beşdə birini təşkil edir.
Araşdırmanın nəticələrinə əsasən dünyada buğda ehtiyatlarının 2023/2024-cü maliyyə ilində, təxminən, 281,7 milyon tona qədər artacağı proqnozlaşdırılır. Bu da rekord səviyyə hesab olunur.
Bəs dünyada nə qədər buğda ehtiyatı var?
Maliyyə ili |
Buğda ehtiyatı |
2012-2013 |
171 milyon ton |
2013-2014 |
190 milyon ton |
2014-2015 |
205 milyon ton |
2015-2016 |
224 milyon ton |
2016-2017 |
248 milyon ton |
2017-2018 |
271 milyon ton |
2018-2019 |
260 milyon ton |
2019-2020 |
276 milyon ton |
2020-2021 |
278 milyon ton |
2021-2022 |
276,6 milyon ton |
2022-2023 |
273 milyon ton |
2023-2024 |
281,7 milyon ton |
Məlumata görə, 2023/2024 maliyyə ilində qlobal miqyasda buğdanın əsas istehlakçıları Çin, Avropa İttifaqı və Hindistan olub. Çin bu dövrdə 153 milyon tondan çox buğda istehlak edib. Ümumillikdə dünyada buğda istehlakı 2018/2019-cu maliyyə ildən bəri təxminən 8 faiz artmaqdadır.
2022-ci ildən etibarən bütün dünyada buğdanın qiyməti isə artıb. Buna səbəb kimi Rusiya-Ukrayna müharibəsi göstərilir. Qlobal miqyasda buğda və qarğıdalının maya dəyərinin artması səbəbindən ev təsərrüfatlarının real gəlirinin təxminən 1,57 faiz azalacağı gözlənilir.
Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycan 85,1 milyon dollar dəyərində 386 min ton buğda idxal edib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 21,7%, dəyər baxımından isə 41,4% azdır.
Gözəl Həşimova