Ukrayna Ali Radası martın 3-də qapalı rejimdə mülki şəxslərə odlu silah verilməsinə icazə verən qanun qəbul edib.

Sənəd ölkə vətəndaşlarını Rusiya hərbçilərinə qarşı silah istifadəsinə görə məsuliyyətdən azad edir.

“Ukraynanın müdafiəsində mülki şəxslərin iştirakının təmin edilməsi haqqında” 7120 saylı qanuna görə silahlar Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada və tələblərə uyğun olaraq verilir. İstisna olaraq, silahların verilməsi qaydasını təsdiq edən əmrin Ədliyyə Nazirliyində qeydiyyata alınmasına ehtiyac yoxdur.

Hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları və səfərbərliyə məruz qalan şəxslər qanuna tabe deyillər.

Ukraynada hərbi vəziyyət ləğv edildikdən sonra mülki şəxslər 10 gündən gec olmayaraq silah və sursatları təhvil verməlidirlər. Müvafiq tələblərin pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.

Qanun dərc edildiyi gündən qüvvəyə minir və hərbi vəziyyət dövründə, eləvə də onun ləğvindən 10 gün sonrakı müddət ərzində qüvvədə qalacaq.