Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya-Ukrayna müharibəsində son vəziyyəti açıqlayıb.

Qurumun “Facebook” hesabından edilən açıqlamada bildirilib ki, Rusiya ordusu Ukraynanın cənubunun müvəqqəti işğal olunmuş ərazilərinə nəzarət etmək üçün hərbi və mülki administrasiya yaratmağa çalışır.

Eyni zamanda, Rusiya ordusunun Xerson vilayətində Xerson Xalq Respublikası adı altında qondarma dövlətin yaradılması ilə bağlı referenduma hazırlığa başladığı da bildirilib.

Qara dənizdə “Kalibr” dəniz əsaslı qanadlı raketlərlə təchiz edilmiş gəmilərin olduğu bildirilən açıqlamada bu raketlərlə ölkədəki hərbi, sənaye və logistika infrastrukturlarını vurma təhlükəsinin davam etdiyi vurğulanıb.

Ukrayna Baş Qərargahı 2014-cü ildə ilhaq edilən Krımdakı Sevastopol Hərbi Dəniz Bazasında “Admiral Makarov” freqatı üzərində qanadlı raketlərin tədarükü başa çatdığı barədə məlumat paylaşıb.

Açıqlamada bildirilib ki, Rusiya ordusunun yaxın günlərdə Çerniqov şəhərini mühasirəyə almağa cəhd edəcəyi və Kramatorsk və Pokrovsk istiqamətlərində hücum həyata keçirməsi gözlənilir.