“Artıq 12 gündür ki, Ukrayna raket atəşinə tutulur. İnsanlar pərişan haldadır. Biz Nikolayev şəhərində yaşayırdıq, oradan Odessaya təxliyə edildik. Raketlərin içərisindən, başımıza güllə yağa-yağa ailəmizlə, uşaqlarımızla oradan çıxa bildik”.

Oxu.az-n əməkdaşı Ukraynadan Rumıniyaya təxliyə edilən azərbaycanlı Sabir Şirinovla həmsöhbət olub.

Sabir Şirinov Azərbaycan Diaspora Komitəsinin Odessada yerləşən nümayəndəliyinin onlara çox kömək olduğunu deyir:

“İki gün öncə Nikolayevdən çıxmaq istəyərkən atəşə məruz qaldıq. 50 nəfərdən ibarət maşın kolonlarımız var idi. Varvarovkada körpüdən keçərkən biz olduğumuz maşından 20 maşın geridə olan avtomobili partlatdılar. Bizə dedilər ki, azərbaycanlılardan biri həlak oldu, biri yaralandı. Çox təəssüf ki, belə hallar yaşandı. Çox çətinliklə biz hər kəsi bir yerdə tuta bildik. Oradan Odessaya gəldik. Anar müəllimin köməyi ilə Ukraynadan atəşin içərisindən ailələrimizi ilk olaraq Moldovaya təxliyə etdilər. Oradan Rumıniyaya təxliyə edildik. Burada qaçqınlar üçün düşərgə salınıb, hamımız bir yerə yığılmışıq. Zəruri qida təminatı, digər ehtiyaclar imkan daxilində qarşılanır”.

S.Şirinov deyir ki, onların ya Türkiyəyə, ya da Azərbaycana təxliyəsi gözlənilir:

“Bizim maşın kolonları ilə keçən bütün azərbaycanlılar hazırda burdadır. Birlik olub, heç kimi təlaşa, təşvişə düşməyə, ayrı-ayrı istiqamətlərə getməyə qoymadıq. Nikolayev şəhəri, Odessa, Xarkov bombalanır. Yaşayış məntəqələrini vururlar. Mülki şəxsləri, inzibati binaları raketlərlə vururlar. Ukraynada vəziyyət çox acınacaqlıdır. Ukrayna hökuməti əlindən gələni edir, lakin vətəndaşlar şəhərdə qala bilmirlər. Zirzəmilərdə qalan şəxslər də raket yağışının altından birtəhər çıxıb qaçmağa çalışırlar”.