Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq ABŞ və Qərb ölkələri bu ölkəyə qarşı bir sıra məhdudiyyətlər tətbiq etdi. Rusiya daha əvvəl də sanksiyalarla qarşılaşıb. Lakin bu dəfə onun iqtisadiyyatı müasir tarixdə analoqu olmayan çoxsaylı məhdudiyyətlərlə üzləşdi. Bunların milli iqtisadiyyata təsirləri sektorlardan asılı olaraq müxtəlif zaman kəsiyində özünü göstərir.

Hazırda proseslər başlanğıc mərhələdədir və gözlənildiyi kimi ilk zərbəni milli valyuta aldı. Rusiya iqtisadiyyatı hazırda devalvasiya şokunu yaşayır. Bu gün bütün iqtisadiyyata təsir edən məhz rublun dəyərsizləşməsidir. Hökumət artıq inzibati qadağa alətlərini işə salaraq preventiv tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, əhaliyə valyuta əmanətlərindən 10 min ABŞ dollarından artıq vəsait çəkmək qadağan edilib. Eyni zamanda fiziki şəxslər və fərdi sahibkarlar yalnız xarici ezamiyyət xərclərini ödəmək üçün nağd şəkildə 5 min ABŞ dolları ala biləcəklər. İxracdan qazanılan valyutanın 80 %-i isə məcburi qaydada satılmalıdır. Rusiya Bankı və hökumətin milli valyutanı dəstəkləmək yönündə həyata keçirdiyi tədbirlərə baxmayaraq rubl dəyərdən düşməyə davam edir. Belə ki, ABŞ dollarının məzənnəsi rubul qarşısında artıq 60 % möhkəmlənib. Avro ilə bağlı analoji tendensiya müşahidə edilir. Rubl hətta qrivnaya qarşı da dəyər itirir. Rusiyanın başlatdığı “xüsusi əməliyyat”a kimi 1 qrivnaya 2,7 rubl, indi isə 4 rubl verilir.