Bu yaxınlarda Rusiya hökuməti ölkə ərazisində rəqəmsal aktivlərin dövriyyəsinin nizamlanması konsepsiyasını təsdiqləyib. Azərbaycanda da insanlar aktiv şəkildə kriptovalyutalarla birjalarda əməliyyatlar həyata keçirir.

“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankının mövqeyini öyrənib. Bankdan saytımıza bildirilib ki, Azərbaycan Mərkəzi Bankı ölkədə rəqəmsal aktivlərin istifadəsi və bununla bağlı potensial riskləri diqqətlə izləyir: “Hazırda bu istiqamətdə nəzarət mexanizminin yaradılması gündəmdə deyil, lakin tərəfimizdən digər ölkələrin bu sahədə təcrübəsi və addımları araşdırılır”.

Mərkəzi Bankın məlumatında qeyd olunur ki, rəqəmsal aktivlər xarici birjalarda dövriyyə edildiyi üçün Azərbaycanda kriptovalyutaların dövriyyəsinin həcmləri barədə hər hansı statistik məlumat mövcud deyil.

Qonşu ölkələrdə özəl kriptovalyutaların buraxılmasının qadağan edilməsi ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirən Mərkəzi Bankdan bildirilib ki, bu məsələ gündəmdə deyil və rəqəmsal valyutaların qadağası haqqında heç bir qərar qəbul olunmayıb: “Eyni zamanda, bildiririk ki, özəl kriptovalyutaların buraxılması üzrə Mərkəzi Bank tərəfindən qeydiyyat rejimi mövcud deyil”.