"Pxenyan ABŞ hakimiyyəti və ya müttəfiqləri ilə təmaslara maraq göstərmir, əksinə Moskva ilə qarşılıqlı əlaqəni artırır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Şərqi Asiya və Okeaniya üzrə baş direktoru Myra Rapp-Huper Vaşinqtondakı Hudson İnstitutunda çıxışı zamanı deyib.

"KXDR dialoq təkliflərimizin heç birini qəbul etməyib”, - o qeyd edib və əlavə edib ki, ABŞ-nin hazırkı Prezidenti Co Bayden administrasiyası bir sıra mövzuları müzakirə etmək üçün istənilən yerdə, istənilən vaxt, ilkin şərt olmadan görüşməyə hazır olduğunu nümayiş etdirib: "Təəssüf ki, bizə rədd cavabı verildi". 

"Əfsus ki, biz KXDR-in öz davranış modelinə uyğun hərəkət etdiyini gördük: o, bizimlə təmasda qətiyyən maraqlı deyil və Rusiya ilə əməkdaşlığı artırır", - deyə diplomat vurğulayıb. O əmin edib ki, Vaşinqtonun Pxenyanla təmaslara hazır olması ilə bağlı mövqeyi dəyişməyib.

Rapp-Huper qeyd edib ki, ABŞ daha əvvəl Cənubi Koreya və Yaponiya ilə Rusiya və KXDR ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsini aktivləşdirmək üçün razılıq əldə edib.