"Azərbaycanda böyük istehsal gücünə malik olan zavod yoxdur". 

Bu sözləri Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışının 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunmasına münasibət bildirən nəqliyyat eksperti İlqar Hüseynli İqtisadiyyat.az-a açıqlamasında deyib.

 

 

Onun sözlərinə görə, yerli istehsal olan avtomobillərin ƏDV-dən azad olunması müsbət hal olsa da, avtomobillərin qiymətinə ciddi təsiri gözlənilmir:

"Minik avtomobillərinin satışının ƏDV-dən azad olunması avtomobil bazarında ciddi təsirə səbəb  ola bilər. Sadəcə tələb-təklif məsələsi əsas rol oynayacaq. Məsələ bundadır ki, daxili sənayedə istehsal olunan avtomobillər rəqabət qabiliyyətinə malik olmalıdır. Ölkəmizdə 2006-cı ildə Naxçıvanda əsası qoyulan Naxçıvan Avtomobil Zavodu “NazLifan” brendi altında avtomobil istehsal edir. Bundan başqa, “Made in Azerbaijan” brendi altında “Xəzər” avtomobil zavodu fəaliyyət göstərir.  Bu zavodlarda xaricdən, əsasən də İran və Koreyadan gətirilən detallar yığılaraq avtomobil istehsal olunur. Azərbaycanda böyük istehsal gücünə malik olan zavod yoxdur. Ölkədə istehsal olunan avtomobillər "Toyota", "Ford", "Mercedes", "BMW", "Hyundia" və digər nəhəng avtomobilləri ilə rəqabət qabiliyyətinə malik deyil". 

Gülşən ŞƏrif