ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahudan Yaxın Şərqdə gərginliyin artmasına son qoymağı tələb edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, cümə axşamı iki lider arasında sərt söhbət olub. Söhbət zamanı Bayden özəl olaraq Netanyahudan bölgədə eskalasiyanı dayandırmağı və Qəzza zolağında atəşkəsə dair radikal Fələstinin HƏMAS hərəkatı ilə dərhal razılığa gəlməyi tələb edib. 

"Axios" mənbələri qeyd edir ki, Bayden və onun əsas köməkçiləri Fələstin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi və Beyrutda Hizbullah komandirlərdən birinin ləğv edilməsinin nəticələrindən məyusdur.

Portal ABŞ-nin bu hadisələrlə bağlı "yas tutmadığını" vurğulayır, lakin Netanyahunun qurduğu planlar barədə Baydeni məlumatsız saxladığına inanır. Nəşr qeyd edir ki, Bayden Netanyahu ilə telefon danışığı zamanı İsrailin son günlər atdığı addımlardan narazı olduğunu bildirib.

"Bayden Netanyahuya deyib ki, Birləşmiş Ştatlar İsrailə İranın hücumunu dəf etməyə kömək edəcək, lakin gözləyir ki, bundan sonra İsrail eskalasiya etməyəcək və dərhal Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmaya keçəcək", - portal yazır. 

Nəşrin sözlərinə görə, Bayden, həmçinin vəziyyəti daha da gərginləşdirməyə qərar verərsə, ABŞ-nin İsrailin Baş nazirinə kömək etməyəcəyini açıqlayıb.